Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümün ilk premyerasını təqdim etdi. 
   Teatrda təxminən qırx il əvvəl ilk dəfə tamaşaya qoyulmuş əsər - görkəmli bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" operası yenidən öz səhnə həyatını yaşamağa başladı. 
   Sənətinə xəyanət edən, ömrünü qürbətdə başa vuran xanəndə Mirseyidin həyat hekayəsindən bəhs edən əsər yeni musiqi və quruluş redaksiyasında tamaşaçıların ixtiyarına verilib. Tamaşanın musiqi rəhbəri və dirijoru, Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. 
   Tamaşa üçün hazırlanmış dekorasiya və kostyum eskizlərinin müəllifi isə Əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.
   İlk tamaşada əsas partiyaları əməkdar artistlər İlkin Əhmədov, Afaq Abbasova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Xalq artisti Fidan Hacıyeva, solistlər Taleh Yəhyayev, Tural Ağasıyev, Fəhmin Əhmədli və Tələt Hüseynov ifa edirdilər. 
   
   Gülcahan