Dahi musiqiçi və bəstəkar Müslüm Maqomayevin xatirəsi Moskvada yad olunub. Görkəmli musiqiçinin Rusiya paytaxtının mərkəzində, Azərbaycan səfirliyinin yaxınlığındakı abidəsi önünə Rusiya ictimaiyyətinin nümayəndələri, müğənninin pərəstişkarları, dostları və yaxınları toplaşıblar.
   Mərasimdə Müslüm Maqomayevin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskaya xatirələrini bölüşüb. O qeyd edib ki, Müslüm Maqomayevin vəfatından illər ötsə də, sevənləri hər zaman onu ehtiramla anırlar. Onun xatirə günündə Azərbaycan musiqi xadimləri, gənclər, M.Maqomayev adına musiqi məktəbinin yetirmələri Bakıda Fəxri xiyabana gəlir, məzarı önünə gül dəstələri düzürlər.