bədii, elmi, publisistik əsərlərində sevdirməklə yanaşı, “dövlət dili” kimi də var etmiş Mirzə İbrahimov...
   
   Mən bu böyük yazıçı... və o dövrlər “kontekstində” çox milli vətəndaş haqda budəfəki yazımı onun öz övladının - gözəl bəstəkar, Xalq artisti (habelə, bu klassik ədibi birmənalı qarşılamayan müasir ədəbi “nihilist”ləri - bəzilərinin qənaətlərində müəyyən həqiqət çalarları olsa belə - kübar bir təmkinliklə qarşılayan) Sevda xanım İbrahimovanın xatirələrilə başlamaq qərarındayam. 
   Həm də, onun bu “nəqli” söhbətdə işlətdiyi siyasi ab-havalı -
   
   “İnsanlar deyirdilər ki, biz Sizinləyik!..” 
   
   ifadələrinin fərqinə məxsusi bir fərqlə varmağınız arzusunda... 
   Və əlbəttə, xeyli ixtisarla:
   “Gözümü dünyaya açandan evimizi sözlü-musiqili görmüşəm. Babam Qurban Pirimov tar çalar, atamsa tez-tez Füzuli, Nəsimi poeziyasından qeyri-adi şövqlə nümunələr söylərdi. Anam Sara Pirimovanın klassik musiqini çox sevməsi, babamın Üzeyir bəylə bənzərsiz dostluq münasibətləri bizi daha yaxşı oxumağa, ümumən, böyük gələcəyə həvəsləndirərdi.
   Atam öz keçmişindən danışanda isə həmişə məni qəhər bürüyərdi. Axı o, hələ 3 yaşında ikən anasını və kiçik bacısını (aclıqdan), bundan sonra qapılarını kilidləyib Bakıya iş axtarmağa gəlirkən yolda böyük qardaşını, nəhayət, Zabrat neft mədənində baş verən bədbəxt hadisə nəticəsində atasını itirmiş, 7-8 yaşlarında - yetimlik çətinlikləri üzündən - nökərçiliklə məşğul olmuşdu... 
   Deyərdi, məktəbə gedəndə çox arıq, balacaboy idim, boyumuz ölçülərkən ayaqlarımın dabanlarını qaldırdım ki, məni qəbul etsinlər...
   Ürəyiaçıq, safqəlbli, hər vaxt hamıya köməklik edən olub atam. Anam deyirdi o, Ali Sovetdən aldığı maaşı uşaq evlərinə göndərərdi. 
   Çox vəzifələrdə olub, ancaq mən onu həmişə eyni cür görmüşəm. 
   Hər bazar günü saat 2-də biz mütləq “muğamat konserti”nə qulaq asardıq.
   Onu - 1956-cı ildə Azərbaycan dilinin dövlət dili olması məsələsini gündəmə gətirdiyinə görə işdən çıxardılar. Yadımdadır, ovaxtlar bizi bulvara - indiki Sahil bağına aparanda, hər dəfə atamla qarşılaşan insanlar deyirdilər ki, biz Sizinləyik!.. 
   1938-ci ildə onun “Həyat” pyesinin, bir gün sonra isə Üzeyir bəyin “Koroğlu”lusunun premyerası böyük ictimai rezonans doğurub. Ovaxtadək “bircə çamadanı” ilə kirayədə qalan atama məşhur “Xaqani - 19”da ev verirlər və... o, ömrünü həmin evdə başa vurdu. Ali Sovetin sədri işləyəndə ona daha geniş mənzil təklif etdilər, anam isə “mən bu mənzilə gəlin gəlmişəm, burdan da son mənzilə gedəcəyəm” - dedi. Onlar bütün sevincli-kədərli günlərini bu evdə - birlikdə keçirdilər. 
   Anam rəhmətə gedəndə (1983) çox qəhərləndi atam. Elə bil, yetimləşdi. Hətta anamın bağ evimizdəki çarpayısını götürməyimizə də razılıq vermədi. Hər məqamda bu boş yatağa da, məzarı üstünə də qızılgüllər səpərdi... 
   Özü dünyasını dəyişəndə isə... Lap arxa sırada bir qadın “naş papa umer” - deyib, uzun-uzadı hönkürdü. Səbəbini soruşana dedi ki, “mən uşaq evində olanda, bir neçə ay bizə, heç vaxt yemədiyimiz dadlı şirniyyatlar, meyvələr, cürbəcür ərzaq malları gətirdilər. Bir gün tərbiyəçidən soruşduq ki, bunu bizə kim göndərir, atamız? Dedi, “hə, Ali Sovetin sədri Mirzə İbrahimov atanız göndərir”. Ovaxtdan biz bu insanı “ata” deyə çağırır, yad edirik”...
   Qarabağ hadisələri onun səhhətinə çox pis təsir etdi. Bir də görürdün, öz-özünə danışır. Soruşanda, “heç, heç, yat” - deyirdi. Məlum vertolyot qəzası isə onu tamamilə ağırlaşdırdı. Xatırlayırsızsa, SSRİ Ali Sovetinin tribunasında kəskin bir çıxış da etdi. Yuxusu ərşə çəkilmişdi. Bir gecə gəlinimiz zəng vurdu ki, bəs, Mirzə müəllim yatmır, çox narahat görünür, gəlin. Gedib gördük, Quran oxuyur.
   Həmişə həsrətlə deyərdi; “görəsən, mənə qismət olacaqmı ki, nə vaxtsa sizi Təbrizə aparım?..” 
   Qismət olmadı. Vəfat edəndə də, yalnız elə həmin arzusunu dilə gətirdi: “Görəsən, sizi Təbrizə apara biləcəyəmmi?..”
   Bu, onun vəfatından sonra qismət oldu mənə. Getdim o torpaqlara. Yoldaşımı, işi ilə əlaqədar, müxtəlif yerlərə göndərirdilər, bir dəfə də içəri girib dedi; “Hə, axır ki, səni Mirzə əminin özünə qismət olmayan arzusuna qovuşdurmaq imkanı yarandı. Təbrizə gedirik!”. Apardı. Getdik Səraba. Yaşadığı evin həyətindən torpaq gətirib qoydum məzarına...”
   
   Bu böyük cənublumuz
   
   Şimalımızda qədim və böyük Azərbaycan ədəbiyyatının aktiv davamiyyət və inkişafında uzun illər doyulmaz əsərlərilə köklü-köməcli nasir, danılmaz xidmətlərilə unudulmaz ictimai xadim, son dərəcə dramatik bir dövrün qismən milli, əksərənsə - total yad ideoloji nəbzlərini calaşdırıb-uyğunlaşdırmaqla “anşlaq” etiketli dramaturq, siyasi bolşevizmdən doğan ideoloji akademizm şəraitində qarşısıalınmaz şəxsi energetikası ilə akademik, beynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı kimi təltifatlar subyekti, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, dəfələrlə SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, respublikanın maarif naziri və s. imiclərə yüksəldi. 
   Hələ bütün bunlardan əvvəl (və əlavə), çox kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib, bir tikə çörək qazanmaq, 15 yaşında Balaxanı fabrik-zavod məktəbində oxuya-oxuya bədii yaradıcılıqla məşğul olmaq, üstündə “periferiya” eyhamı ola-ola, 22-23 yaşlarında “məşhur beşilliklər” sənayesi sürətini öyrənməkçün Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərlər etmək nümunələrilə, yalançı “sosializm”dən çaşqın qalmış gəncliyə dədə-baba əzmi təlqin etməsi... 
   Bu hədsiz əzmkarlıq və idrak-istedad sahibi 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır, görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyası müdafiə edir. Aldığı elmi dərəcələrin ən yüksəyi isə 1945-ci ildə təsis edilən Azərbaycan Elmlər Akademiyasının üzvlüyü olur. Opera və Balet Teatrının direktoru işləyir, İncəsənət İşləri İdarəsinin rəisi kimi respublikada təhsil və mədəniyyətin inkişafında yorulmaz fəaliyyət göstərir.
   Və... ovaxtlarçün “siyasi bomba” hesab edilən Azərbaycan dili haqqında Azərbaycan SSR Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunun müəllifliyi!
   Buna qədər o, “Azərbaycan dili dövlət idarələrində” kimi məqalələr yazmış, ayrı-ayrı idarə və auditoriyalarda çıxışlar etmişdi. Bu böyük milli-tarixi işi rəsmiləşdirdikdən sonra isə, təbii ki, leqal sıxışdırmalar, qeyri-leqal izləmələr, bu qədər demokrat və universal qabiliyyətli ziyalının vəzifədən uzaqlaşdırılması, Moskvadakı “İbraqimov” müzakirələri, bədii əsərlərinin siyasi rənglərə məruz qoyulması və s.
   Deyək ki, bu “rənglər”də həqiqətlər də vardı. Əsərlərinin çoxunda obrazlarının dili, fəaliyyəti, amalı, həyat kredosu ilə həm də özünü təsdiq-təqdim etmiş bu müdrik “Böyük dayaq” romanında Rüstəm kişinin “dili” ilə xalqa müraciətlə yazırdı: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır...” 
   Bu əzablar daşıyıcısının o işığa ehtiyacı çox, həddindən çox olub; 1911-ci il oktyabrın 27-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində doğulan o “müdrik cocuq” böyük sənətkar şöhrəti qazananadək çox qaranlıqlar yaşamışdı...
   İşıqlı adamların qəlbində isə daim -
   
   İşıqlı qalacaq...
    
   Belə ki, hərdən, ədəbi aləmdən “Mirzə İbrahimov Azərbaycan ədəbiyyatında qaldımı” kimi suallar da eşidilir. Onun nəinki təkcə ədəbiyyatda fundamental nasir, gözəl dramaturq, dərin ədəbiyyatşünas-alim kimi, həm də - ictimai-siyasi tariximizdə qeyri-adi natiqlik qabiliyyətinə malik ictimai xadim, sovetlər rejimində Azərbaycan dilinin dövlət dili kimi bərqərarına cəsarət etmiş mübariz vətəndaş, xəlqi-milli dilmanc olaraq qalacağı kimi fikirlər isə daha tez-tez eşidilib-oxunur...
   Bu - təpədən-dırnağa ədəbi-bədii insanın Qarabağ hadisələrinin qızğın çağında SSRİ Ali Sovetinin tribunasından seçmə-“elitar” ermənilərin üzünə dediyi: “Allah bir xalqı cəzalandırmaq istəyəndə, əvvəlcə onun ağlını başından alır. Atdığınız addımlar sizi uçuruma aparır!” sözləri onu, məncə, Azərbaycan tarixinin yaddaşına özünün yaratdığı hürrsevər Azadın (“Azad”), zavallı Musa kişi, mübariz Firudinin (“Gələcək gün”), pak, inadkar Rüstəm kişi (Böyük dayaq”) və başqa obrazların məcmu-prototipi kimi yazdı...
   
   Tahir Abbaslı