Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Bakıda məşhur rus şairi Yevgeni Yevtuşenkoya (1932-2017) həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. “Sodrujestvo” Cəmiyyətində keçirilən tədbirdə Bilik Fondunun Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə həyata keçirdiyi “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri də iştirak ediblər.
   Fondun lektorlar qrupunun üzvü, Əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlının Yevgeni Yevtuşenkonun yaradıcılığı haqqında mühazirəsi maraqla qarşılanıb. Mühazirəçi ötən əsrin ikinci yarısının ən məhsuldar və ən çox oxunan rus şairinin 20 poemanın, təxminən 200-dək şeir və mahnı mətnlərinin müəllifi olduğunu xatırladıb, ayrı-ayrı əsərlərinin məziyyətlərindən bəhs edib.
   “Azərbaycan dilini öyrənirik” kursunun dinləyiciləri şairin şeirlərindən nümunələr söyləyiblər.