“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” bədii filmi 7-12 noyabr tarixində Almaniyanın Cottbus şəhərində keçiriləcək film festivalına dəvət alıb. Kinostudiyadan verilən məlumata görə, rejissor İlqar Nəcəfin filmi festivalın əsas proqramında yarışacaq.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
   Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.
   “Nar bağı” noyabrın 8-də və 9-da festivalda nümayiş olunacaq.
   Xatırladaq ki, ekran əsəri bu yaxınlarda Asiya-Sakit Okean Kino Akademiyasının “Young Cinema Award” mükafatına layiq görülüb. Kinorejissor noyabrın 23-də mükafatın təqdimetmə mərasimində iştirak edəcək.
   İlqar Nəcəf artıq ikinci dəfə Asiya-Sakit Okean Kino Akademiyasının mükafatına layiq görülür. Rejissorun “Buta” filmi 2011-ci ildə akademiyanın “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi olub.