Oktyabrın 27-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda 3-cü respublika elmi konfransı keçirilib. 
   ATMU-nun rektoru İlham Mədətov çıxış edərək konfransın əhəmiyyətini yüksək qiymətləndirib, tədbirə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində çalışan alim və mütəxəssislərin, doktorant və magistrantların qatıldığını deyib.
   Plenar iclasda “Dövlət idarəçiliyinin peşəkar kadrlarla təminatının tarixi haqqında”, “Xalq yaradıcılığında idarəetmənin keyfiyyət problemlərinə baxış”, “Müasir dövrdə təhsil sahəsinin investisiya təminatı və gəlirliliyinin təhlili” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə əsas diqqət müasir dövrdə idarəetmədə yol verilən nöqsanların müəyyənləşdirilməsi və aradan qaldırılması, idarəetmə sahəsində yeniliklərin tətbiqi imkanlarının araşdırılması və s. məsələlərə yönəlib.
   Konfransa “Təhsil və mədəniyyətin idarə edilməsi”, “Biznes idarəçiliyi, idarəetmədə hüquq problemləri”, “İdarəetmədə multikultural dəyərlər”, “Turizm və xidmət sahələrinin idarə edilməsi” və başqa mövzular üzrə 22 məruzə təqdim olunub. Müvafiq bölmələrdə dinlənilən məruzələrin çap edilməsi tövsiyə olunub. 
   
   F.Hüseynov