Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər. 
   Teatrın kiçik səhnəsində imtahan işi kimi Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub. Əhəd Hacıyevin quruluş verdiyi tamaşada rolları Şəbnur Allahverdili (Gəncə Dövlət Dram Teatrının rejissor assistenti), Rəşid Soltanov (Bakı Bələdiyyə Teatrının aktyoru), Vüsal Qasımov (Zərdab rayonu), Ləman Məmmədli (Sumqayıt Dövlət Musiqili Dram Teatrının rejissor assistenti), Gülər Kazımova (Neftçala rayonu) və Aysel İbrahimova (Bakı) ifa ediblər. 
   Tamaşadan sonra kurs rəhbəri - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev tələbələri uğurlu tamaşa münasibətilə təbrik edib, eyni zamanda kiçik çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələrini verib.
   Qeyd edək ki, nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.