Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı çərçivəsində müxtəlif istiqamətlər üzrə layihə və təlimlər təşkil olunur. Proqramın 2015-2018-ci illər üzrə koordinator qurumu Britaniya Şurasıdır (British Council). Proqram üzrə həyata keçirilən layihələrdən biri “Kreativ şəhərlər və regionlar təşəbbüsü”dür. Azərbaycanın Şəmkir şəhəri bu təşəbbüsdə iştirak üçün seçilib və mədəniyyət sahəsində ekspert Cahangir Səlimxanov koordinator təyin edilib.
   Oktyabrın 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində son yarım il ərzində keçirilən görüş və müzakirələrin nəticəsində ərsəyə gələn Şəmkir rayonu üçün mədəni inkişaf sahəsində tövsiyələrin təqdimatı keçirilib. 
   Tədbirdə Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının kreativlik və mədəniyyət üzrə eksperti Ragnar Siil, rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, proqramın Azərbaycan üzrə koordinatoru Cahangir Səlimxanov və Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev çıxış ediblər. 
   Tədbirdən sonra qonaqlar və tədbir iştirakçıları rayonun gənc istedadları tərəfindən hazırlanan əl işləri, həmçinin fotoşəkillərlə tanış olublar.
   Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının eksperti Ragnar Siil həmçinin rayon gəncləri ilə görüşdə mədəni inkişaf sahəsində Avropanın qabaqcıl təcrübəsindən bəhs edib, Şəmkir qalası, Alman-lüteran kilsəsi, Tarix-diyarşünaslıq muzeyi ilə tanış olub.