V.Uspenski adına Özbəkistan Akademik məktəb-liseyinin direktoru, Özbəkistanın Əməkdar incəsənət xadimi Dildora Camalova və Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Umitcan Cumakova Bakıdakı Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində olublar. 
   Görüşün məqsədi türkdilli ölkələrin uşaq incəsənət məktəblərinin əlaqələrinin inkişaf etdirilməsi, müştərək tədbirlər, müsabiqə və festivalların keçirilməsi bərədə fikir mübadiləsi aparmaqdır.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ilə görüşən qonaqlar məktəbin musiqi alətləri, təsviri incəsənət və xoreoqrafiya şöbələri ilə tanış olmaqla yanaşı, həm də dərs prosesində iştirak ediblər. Məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.