Bu payız ikinci dəfə təşkil olunan Bakı Şopinq Festivalının artıq yarısı arxada qalıb. Noyabrın 15-dək davam edəcək kampaniya həm yerli sakinlərə, həm də şəhərimizin qonaqlarına sərfəli alış-veriş fürsəti yaradıb. “Ürəklər al-al deyir” devizi ilə keçirilən festivalın gedişindən hər iki tərəf - alan da, satan da məmnundur. Şopinq festivalının keçirildiyi ticarət mərkəzlərinə növbəti dəfə baş çəkərkən bunun bir daha şahidi olduq.
   Festivala qoşulan mağazaları tanımaq çox asandır. Belə ticarət obyektlərinə “Baku Shopping Festival - Tax-free” nişanları yapışdırılıb. Bir sıra brend malların satıldığı mağazalarda nəzərəçarpacaq endirimlər var. Həmçinin mallara tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) qaytarılması alıcıları cəlb edir.
   Brend mağazalardan birinin meneceri Orxan Hacıyev deyir ki, festival çərçivəsində bir sıra aksiyalar təşkil ediblər: “Bəzi mallara 10 faizdən 70 faizədək endirim etmişik. Üstəgəl, əgər müştəri bizdən 6 ədəd mal alırsa, həmin mallara əlavə olaraq endirim edirik. Alış-veriş 100 manat məbləğini keçdiyi halda müştərilər ƏDV-ni geri ala bilirlər”.
   Birləşmiş Ərəb Əmrliklərindən gəlmiş Mohammed Hamid də festivaldan yararlanan turistlərdəndir: “Azərbaycana artıq ikinci dəfədir ki, səfər edirəm. Burada ailəmlə birlikdə istirahət edirik. Festivalla bağlı qiymətlərə edilən endirimlərdən biz də faydalanırıq. Düşünürəm ki, burada olan qiymətlər bizim üçün kifayət qədər əlverişlidir”.
   Pakistanlı turist Rza Ansari paytaxtımıza ilk gəlib. O, Bakını yaxşıca gəzib və ticarət mərkəzlərində olub: “Eşidəndə ki, burada Ticarət festivalı var, bu imkandan yararlanmaq istədim. Bakıda olan mağazalarda ürəyin istədiyi hər şeyi tapa bilərsən. Qiymətlərdə endirimlər daha çox alış-veriş etməyimizə imkan yaradır”.
   İranlı Mirzə Məhəmmədi də ölkəmizdə turizm xidmətlərindən razı qaldığını bildirir. O da Şopinq festivalının təqdim etdiyi imkanlardan istifadə edib: “Azərbaycan çox gözəl ölkədir. Mən bura yenə gəlmək istəyirəm. Ticarət mərkəzlərində olan endirimlərdən də məmnunuq. Lakin bir sıra dünya brendlərinə də endirim edilsə, turistlərin ürəyincə olar”.
   Qeyd edək ki, festival çərçivəsində müştərilər geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə bilərlər. Bundan başqa, ticarət mərkəzlərində interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlər təşkil edilir.
   Xatırladaq ki, Bakıda ilk Şopinq festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festivalın məqsədi cəlbedici təkliflər və təbliğat vasitəsilə ölkəmizə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verməkdir.
   
   F.Hüseynov