Oktyabrın 25-26-da Moskvada işgüzar turizm sahəsinə həsr olunmuş 3-cü “İnternational MICE Geography Show” (toplantı, təşviq, konfrans, sərgi) tədbiri keçirilib. Rusiya Biznes Turizmi Assosiasiyasının təşkil etdiyi tədbir MDB ölkələrini əhatə edir. Hədəf işgüzar turizm sahəsində qabaqcıl şəxsləri bir araya gətirməkdir. Əsas məqsədi ölkəmizin biznes turizmi imkanlarının təbliği olan Azərbaycan Konqreslər Bürosu da belə tədbirlərdə yaxından iştirak edir. 
   Büronun satış və marketinq meneceri Fidan Rəhmanova B2B formatında keçirilən iclaslarda Bakı Şopinq Festivalı və ölkəmizdə turizmin inkişafına təkan verən digər tədbirlər barədə ətraflı məlumat verib. Tədbir çərçivəsində Rusiya və MDB ölkələrindən gələn nümayəndələrə Azərbaycanın turizm potensialı barədə geniş informasiya təqdim edilib. 
   Tədbirin ilk günündə tərəfdaşlar və sərgi iştirakçıları Moskva Ritz-Carlton hotelində B2B formatında keçirilən seminarda MICE peşəkar müştərilərlə görüşüblər, həmçinin mühazirələr dinlənilib. İkinci gün isə təhsil konfransı və qala-gecə keçirilib. 
   “IMG Show-2017” tədbirinə ümumilikdə 500-dək iştirakçı qatılıb. Rusiyanın Kazan, Tümen, Voronej, Yekaterinburq, Novosibirsk, Samara, Rostov şəhərlərindən 50 regional korporativ alıcı “Hosted Buyers” proqramında iştirak edib.
   
   Fariz