Amerikalı folklorşünas alim, Cənubi Karolina ştatındakı Kostal Karolina Universitetinin (Coastal Carolina University) professoru Anna Oldfield Azərbaycan Aşıqlar Birliyinin (AAB) qonağı olub. 
   Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşən qonaq daha öncə də respublikamızda olduğunu, Azərbaycan aşıq sənəti ilə bağlı tədqiqat işləri apardığını deyib. Amerikalı professor aşıq sənətinin okeanın o tayında daha geniş təbliği üçün nəzərdə tutduğu planlarından danışıb. Alimin Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə həyata keçirmək istədiyi layihələr barədə fikir mübadiləsi aparılıb.
   Görüş barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, professor Anna Oldfield 2005-2008-ci illərdə Azərbaycanda aşıq sənəti ilə bağlı tədqiqat işləri aparıb. O, Azərbaycan dili ilə yanaşı, rus və qazax dillərini də bilir ki, bu da elmi axtarışlarında ona çox kömək edir. 
   A.Oldfield 2013-cü ildə “Azərbaycan qadın aşıqlarının yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edib. Hazırda Kostal Karolina Universitetində Dünya ədəbiyyatı kafedrasının professorudur. O, aşıq sənətimizin ABŞ-da təbliği istiqamətində də çox iş görüb. Əminə Eldarovanın “Azərbaycan aşıq sənəti” adlı kitabını ingilis dilinə tərcümə edərək ABŞ-da nəşr etdirib, qadın aşıqlarımızın okeanın o tayında çıxışlarını təşkil edib. Ustad aşıq Əkbər Cəfərovun 1964-cü ildə yazıya alınmış və ABŞ Senatının kitabxanasında saxlanılan səs yazısını da ilk dəfə respublikamıza professor Anna Oldfield gətirib.