Nizami Kino Mərkəzi “Human Foundation” qurumunun nəzdində fəaliyyət göstərən “Human Deaf Community” ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilmiş milli “Xənnas” filmini təqdim edib.
   Filmi işarət dilinə tərcümə edən “Human Deaf Community”nin üzvü Nuranə Abıyeva səhnədən tamaşaçıları salamlayaraq gördükləri bu şərəfli işi davam etdirəcəklərini vurğulayıb.
   Fiziki əngəlli tamaşaçıların görüşünə gələn filmin rejissoru Elvin Abdulla, aktyorlar Hikmət Rəhimov, Pərvin Abıyeva, Qorqud Cəfər, Zarina Qurbanova, Türkay Cəfərli, Nərgiz Əliyeva və yaradıcı qrupun başqa üzvləri səhnəyə qalxaraq gələn qonaqlara xoş sözlər söyləyib, bu gün onlarla olduqlarından qürur və fəxarət hissi keçirdiklərini bildiriblər.
   Sonra film təqdim edilib.
   Xatırladaq ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli filmlər “Human Deaf Community”nin layihəsi əsasında və Nizami Kino Mərkəzinin dəstəyi ilə təmənnasız nümayiş olunur.