Tbilisidə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Gürcüstan Bilik Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb.
   İlya Çavçavadze adına Bilik (“Tsodna”) Cəmiyyətinin təşəbbüsü ilə imzalanan sazişdə iki xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı biliklərin zənginləşdirilməsi, birgə tədbirlərin təşkili, kitab, məlumat ədəbiyyat nümunələri və digər maarifləndirici materialların hazırlanması və yayılması ilə bağlı birgə tədbirlər nəzərdə tutulub.
   Gürcüstan Bilik Cəmiyyətinin rəhbəri, şair, yazıçı və publisist, professor Nuqzar Tsereteli fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, Azərbaycan Bilik Fondunun həyata keçirdiyi layihələrin Gürcüstanda maraqla qarşılandığını qeyd edib.
   Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov tədbir iştirakçılarını 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış qurumun məqsəd və vəzifələri, həyata keçirdiyi maarifləndirici tədbirlər, bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin iş prinsipi barədə məlumatlandırıb. 
   İ.Çavçavadze adına Bilik Cəmiyyəti idarə heyətinin üzvləri - Tbilisi Dövlət Universitetinin professorları David Qotseridze, Georgi Şalamberidze və başqaları əməkdaşlıq sazişinin icrası istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Bilik Fondunun hədiyyələri - Şota Rustavelinin Azərbaycan dilində nəşr edilmiş “Pələng dərisi geymiş pəhləvan” əsəri və ingilis dilində işıq üzü görmüş “Qarabağ” kitabı, fondun nəşrləri və bukletləri Gürcüstan Bilik Cəmiyyətinə təqdim edilib.