Qarabağ xalçaçılıq ənənələrini, toxucularımızın genetik yaddaşında yaşayan unudulan texnologiyaları hana arxasında canlı şəkildə bərpa etmək, onu foto, videoçəkiliş vasitəsilə əbədiləşdirmək və prosesə həm peşəkar, həm də etnoqrafik yanaşmanı xatirələr əsasında bərpa etmək qarşıda duran vacib məsələdir.
   Bu fikirlər Bakıdakı “NUR Art House” qalereyasında keçirilən “Qarabağ xalça ənənələrini yaşadaq” adlı tədbirdə səsləndirilib.
   Tədbir "Azərbaycan xalçaçıları" İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi "Qarabağda xalçaçılığın müasir inkişaf potensialı" layihəsi çərçivəsində reallaşıb. İctimai birliyin sədri, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva Bakıda yaşayan Cəbrayıl, Füzuli və Ağdamdan olan xalçaçılarımızın bu ənənəni Qarabağ mühitindən uzaq düşmüş balalarımıza, öz varislərinə öyrətməsinin əhəmiyyətini diqqətə çatdırıb. 
   Layihə əsasında həmçinin “Azərbaycan xalçaçıları” İctimai Birliyi tərəfindən Qarabağ xalçaçılarının elektron bazası hazırlanıb.