Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2017” film festivalına yekun vurulub.
   Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
   Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, festivalın əsas məqsədi ailə dəyərlərinin təbliği, gənclərdə yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsidir. Bütün bunlar həm də qeyd olunan istiqamətlərdə video və fotomateriallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digərləri çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd ediblər.
    “Azərbaycan ailəsi-2017” film festivalına martın 30-da start verilib, oktyabrın 1-dək festivala işlərin qəbulu davam etdirilib. Altı ay ərzində festivalın təşkilat komitəsinə peşəkar və həvəskar iştirakçılar tərəfindən fərqli və maraqlı işlər təqdim edilib. Film və fotoşəkillər festivalın münsiflər heyəti tərəfindən qiymətləndirilib.