Noyabrın 1-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzi (ASAN Xidmət) və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı, ölkəmizdə gəlmə turizm üzrə ixtisaslaşmış turizm şirkətlərinin iştirakı ilə ASAN Viza sisteminin tətbiqinə dair görüş keçirilib.
   Bu görüş barədə qərar ölkə başçısının 2016-cı il 27 dekabr tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Turizm Şurasının iclaslarından birində qəbul olunmuşdu.
   Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Planlaşdırma və inkişaf sektorunun müdiri Cavid Abdullayev, ASAN Viza departamentinin direktoru İsmayıl Əbdüləzimov və departamentin nümayəndələri, AzTA sədrinin müşaviri Müzəffər Ağakərimov iştirak edib.
   ASAN Viza departamentinin direktoru İsmayıl Əbdüləzimov turizm şirkətləri üçün ASAN Viza sisteminin tətbiqi və sistem üzrə müvafiq yeniliklərlə bağlı təqdimatla çıxış edib. 
   Sonra gəlmə turizm üzrə ixtisaslaşmış turizm şirkətlərinin nümayəndələri ilə ASAN Viza sisteminin tətbiqi zamanı turizm şirkətlərinin qarşısına çıxan çətinliklər, bu çətinliklərin aradan qaldırılması məqsədilə mümkün addımların atılması, eləcə də digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb, eləcə də sistemin gələcək fəaliyyəti üçün rəy və təkliflər səsləndirilib.