S.Vurğun adına Sumqayıt şəhər Mərkəzi kitabxanasında görkəmli ədib Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, “Poçt qutusu” hekayəsi əsasında çəkilmiş qısametrajlı film nümayiş etdirilib. 
   Şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında “Saqqallı uşaq” hekayəsi əsasında səhnəcik göstərilib. Ədibin “Poçt qutusu”, “Buz”, “Saqqallı uşaq”, “Qurbanəli bəy” hekayələri ətrafında müzakirələr aparılıb, oxucuların fikirləri öyrənilib.
   S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin əməkdaşları 15 saylı məktəbin 6 a sinfində böyük şair-dramaturq Hüseyn Cavidin 135 illiyi ilə əlaqədar "Yerə enməm də, səma şairiyəm" adlı ədəbiyyat saatı keçirib. Şagirdlərin ifasında ədibin şeirləri dinlənilib, əsərlərindən parçalar oxunub.
   Sumqayıt MKS-nin M.Ə.Sabir adına kitabxana filialında isə Xalq şairi Xəlil Rza Ulutürkün 85 illiyinə həsr edilmiş “Alovlu vətənpərvər” adlı şeir qiraəti müsabiqəsi keçirilib. Müsabiqədə 35 və 39 saylı məktəblərin şagirdləri iştirak edib. Fərqlənənlərə kitablar hədiyyə olunub.
   * * *
   Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin oxu zalında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xəlil Rza Ulutürkün 85 illiyinə həsr olunmuş “Mübariz şair” adlı tədbir keçirilib. 
   Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Hüriyyə Sultanova açıb. Qırmızı qəsəbə tam orta məktəbinin şagirdləri şairin şeirlərini səsləndiriblər. 
   * * *
   Qazax rayon MKS-nin təşkilatçılığı ilə M.Vəliyev adına Aslanbəyli kənd kitabxana filialında Xəlil Rza Ulutürkün 85 illiyi münasibətilə "İstiqlal şairi" adlı ədəbi kompozisiya keçirilib. Kitabxana filialının müdiri Şölə Rəhimova, kənd orta məktəbinin direktoru Dilqəm Məmmədov ədibin yaradıcılığından söz açıblar. Fəal oxucular şairin şeirlərindən parçalar söyləyiblər.