Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən uşaqların mütaliəyə marağının artırılması, onların maraq dairəsini daha yaxından öyrənmək üçün bölgələrdə tanınmış uşaq yazarları ilə görüşlər təşkil edilir.
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində yazıçı, şair Gülzar İbrahimova ilə görüş keçirilib. Orta məktəblərin ibtidai sinif şagirdləri ilə görüşdə G.İbrahimova nağıl və şeirlərini oxuyub, uşaqlarla müxtəlif interaktiv, əyləncəli oyunlar keçirib.
   Mərkəzi kitabxananın direktoru Könül Baxışova yazıçıya görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirib. Uşaqlara kitablar hədiyyə olunub.
   * * *
   Uşaqların sevimli müəllifi Ağdaş rayonunda da balaca oxucularla görüşüb. 1 saylı uşaq bağçasında təşkil olunan görüşdə rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev yazarı salamlayaraq onu uşaqlara və müəllimlərə təqdim edib. Gülzar İbrahimova öz nağıllarından və şeirlərindən parçalar, yanıltmaclar söyləyib. Sonda yazıçı uşaqlara kitablar hədiyyə edib.
   * * *
   Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində uşaq yazarı Solmaz Amanova ilə görüş təşkil edilib. Görüşdə yazıçı uşaqlara mütaliə marağını artırmaq üçün görülən işlərdən bəhs edib, nəşr olunan kitablar barədə məlumat verib. 
   Tədbir uşaqlar tərəfindən maraqla qarşılanıb. Sonda yazar tərəfindən balacalara uşaq ədəbiyyatı, jurnal, CD və DVD-lərə yazılmış nağıllar hədiyyə edilib.
   * * *
   Yazıçılar Gülzar İbrahimova və Solmaz Amanovanın oxucularla daha bir görüşü Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində keçirilib. MKS-nin direktoru A.Əlifxanov qonaqları salamlayaraq belə görüşlərin əhəmiyyətindən bəhs edib.
   Sonra hər iki yazar uşaqlara onların oxuduqları kitablardan suallar verərək çox mütaliə edən, sualları cavablandıran şagirdlərə özlərinin yeni çapdan çıxmış kitablarını hədiyyə ediblər. Müəlliflər balaca oxuculara yeni əsərləri haqqında danışıblar. Müəlliflərin əsərləri əsasında hazırlanmış cizgi filmləri də maraqla izlənilib.