Lerik rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən qocalardan ibarət “Rəfti” folklor kollektivinin 31 yaşı tamam olub. 1986-cı ildən fəaliyyət göstərən kollektivin 27 üzvündən ən yaşlısı rayonun Əvilə kənd sakini 87 yaşlı Ağaqulu Seyidovdur. Kollektivin üzvü, Mondigah kənd sakini, 82 yaşlı Abidin Əliyev Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
   Folklor qrupunun repertuarına qədim talış rəqsləri - “Rəfti”, “Mücəssəmə”, “Lakto”, “Xan”, “Səbəti” və digər folklor nümunələri daxildir. Bir neçə əsrlik tarixi olan və kişilərə məxsus bu rəqslər Novruz bayramlarında, toy şənliklərində ifa edilir.
   “Rəfti”nin bədii rəhbəri Urşan Əliyev bildirib ki, folklor kollektivinin el şənliklərində, milli bayramlarda, rayonda və cənub bölgəsində keçirilən mədəni-kütləvi tədbirlərdə çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. 2011-ci ildə mədəniyyət və turizm nazirinin əmri ilə “Rəfti” rəqs qrupuna Xalq kollektivi fəxri adı verilib.
   Bakı şəhərində keçirilən Novruz şənliklərində, mədəni-kütləvi tədbirlərdə uğurlu çıxışları ilə yadda qalan “Rəfti” beynəlxalq folklor festivallarında da ölkəmizi layiqincə təmsil edib.