Parisdə UNESCO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası çərçivəsində “Sotheby’s” və UNESCO-nun birgə hazırladığı “İncəsənət aləmi” (“Un univers d’art”) adlı sənət əsərləri kataloqu təqdim olunub.
   Kataloqda Azərbaycanın UNESCO-ya hədiyyə etdiyi və qurumun binasının həyətində nümayiş olunan daş at və daş qoç abidələrinin fotoları, ölkəmizdə daş sənətinin tarixi haqqında məlumat yer alıb.
   Qeyd edək ki, ölkəmizin bu mötəbər quruma üzv olmasının 20 illik yubileyi münasibətilə 2013-cü il iyulun 18-də UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və baş direktor İrina Bokovanın iştirakı ilə Azərbaycan hökuməti tərəfindən təşkilata hədiyyə edilmiş daş at və daş qoç abidələrinin açılış mərasimi keçirilib.
   Sənət əsərlərinin kataloqu qurumun Baş Konfransının 39-cu sessiyasının bütün iştirakçılarına paylanıb.