Bu yazıda böyük Rus oğlu Aleksandr Bestujev-Marlinski
   
   1826-cı ilin yanvarında I Nikolaya ünvanlanmış (sonralar “Rusiyada azadfikirliliyin tarixi gedişi haqqında” adını almış) məşhur bir məktub üzə çıxdı. Bu məktubda çara Rusiya cəmiyyətinin yuxarı təbəqələrinin, ümumən rejimin yürütdüyü siyasətin ölkənin iqtisadiyyat, maarif, ticarət və digər sahələrini çox ağır vəziyyətə gətirib çıxardığı açıqlanırdı:   
   “Plantasiyalardakı zəncilər bir çox mülkədar kəndlilərindən daha bəxtiyardırlar. Ailələri dəyər-dəyməzinə satmaq, bakirəliyi qəsb etmək, kəndlilərin arvadlarını yoldan çıxarmaq - hər şey açıq-aşkar edilir. Ağac tirlərinin daşınması üçün Peterburqda Admirallığa ayrılmış doxsan atdan təyinatı üzrə istifadə olunmur; müxtəlif mənsəbli məmurlar bu atları qonaqlıqlara gedəndə minirlər. Onların yerinə isə bədbəxt matrosları cilovlayıb yükə qoşurlar. Bir sözlə, dövlət idarələrində, məhkəmələrdə, komissarlıqlarda, qubernatorların, general-qubernatorların böyür-başında - mənafe, mənfəət olan hər yerdə bacaran hər kəs soyub-talayır, bacarmayanlar oğurlayır, hər yerdə dürüst adamlar əzab çəkir, şeytan və fırıldaqçı adamlar isə naz-nemət içərisindədirlər”.
   Bu şillə-şapalaq sözlər - dünyanın ən miskin məhbəsi olan Petropavlovsk qalası kamerasında “yatan” bir qarşısıalınmaz əqidə sahibinin qələmindən dünyanın ən möhtəşəm sarayında əyləşmiş imperatorun üzünə yazılırdı...
   
   Bunu yazan -
    
   1797-ci il noyabrın 3-də Peterburqda yüksək əxlaq-əqidəli bir ailədə doğulmuş, sonralar hamısı inqilabçı, katorqa-sürgünkeş olmuş beş qardaşdan biri, Dərbənd-Quba sürgünlüyündə ikən Azərbaycanın etnoqrafik hal-həyatını təsvir edən bənzərsiz ədəbi-publisistik yazılar, habelə, çar ədəbiyyatının oğru-quldur kimi qələmə verdiyi “comərd-qaçaq” Molla Nur babamızı necə var, elə - əsl Azərbaycan kişisi kimi təqdim edən məşhur dekabrist Aleksandr Bestujev-Marlinski idi.
   On yaşında dağ-mədən korpusuna verilən, buradakı təhsil-təlim ab-havasını xoşlamayıb, yunker mundiri geyinən, bir il sonra praporşik rütbəsi alan bu qızğın təbiətli gənc 1822-ci ildə, poeziyası mütləqiyyətə qarşı nifrətlə dolu bir şair, ictimai xadim, dekabrist Rıleyevlə tanış olur. Onlar birlikdə çapa hazırladıqları ədəbi almanaxla əməkdaşlıq üçün müraciət etdikləri A.S.Puşkin Kişinyovdan yazdığı cavab məktubunda Bestujevi “bizim ədəbiyyatın sadiq keşikçisi və himayəçisi” adlandırır.
   1823-cü ildə ilk sayı çıxan “Polyarnaya zvezda” gələcək dekabristlərin orqanına çevrilir. Bestujev ilk povestini - respublikaçılıq ideyaları, azadlıqsevərlik, despotizmə qarşı ictimai etirazlar hopdurduğu bir sıra tənqidi icmallarını bu dərgidə çap etdirdi, Rıleyevlə birgə təşviqat xarakterli mahnılar yazdılar:
   
   Hələ çoxmu rus xalqı
   Ağalara əsir-yesir olacaq?
   Yeri əkib-səpirik biz,
   Sonunda biçir onlar...

   Xalqı qəflət yuxusundan diksindirən bu tip mahnıların müəlliflərini əlbəttə, qaçılmaz məhbus həyatı gözləyirdi. Və... maraqlıdır, istintaq bitəndə, I Nikolay həmin mahnı mətnlərinin dekabristlərin istintaq işlərindən götürülməsinə və məhv edilməsinə sərəncam vermişdi...
   Havada yellənən bayrağı ilə paytaxt meydanına çıxmış ilk inqilabi qoşunun önündə ştabs-kapitan və artıq tanınan yazıçı Aleksandr Bestujev-Marlinski addımlayır, qılıncını yelləyərək: “Ura, Konstantin! Rədd olsun Nikolay!” - deyə hayqırır. Çar silahlı süvariləri və topları dekabristlərə qarşı yeridir. Çovuyan güllələrdən biri Bestujevin şlyapasını deşib keçir. Üsyançıların sıraları pozulur, meydanda baş hərəkətverici şəxs olan Bestujev sonadək qalsa da, çarizmə qarşı bu inqilabi çıxış axşamüstü yatırılır. Kütləvi həbslər başlanır, bəzi zabitlərin təqsiri bir-birinin üstünə atmağa çalışdıqlarını eşidən Bestujev ertəsi gün könüllü olaraq Qış Sarayının hauptvaxtına gəlir və sakit bir tonda növbətçi polkovnikə: “Mən, Aleksandr Bestujevəm. Axtarıldığımı eşidib, özüm gəldim” - deyir.
   Bestujevi I Nikolay şəxsən özü dindirir və “lazımi şəxslərə” belə bir təlimat verir: “Yanınıza göndərilən Bestujev Alekseyev ravelinində (hərbi istehkam) çox ciddi nəzarət altında həbsdə saxlansın”.
   Və bu rəsmi-kriminal məqamda da gözlənilməz istedadlılıq nümunəsi: onu əhatə edən konvoy-karaul növbətçisinin komandası gözlənildiyi anda Bestujev özü komanda verir: “Marş!” 
   Üç gündən sonra Bestujevə 22 funtluq (girvənkə) buxov vurulur və bu, iki aya yaxın onun ayaqlarında qalır.
   Həbsxanadakı tam təcrid şəraiti Bestujevi ünsiyyət üsulu tapmağa sövq edir və o, “divar əlifbası”nı - taqqıldatmanı “ixtira edir” (get-gedə təkmilləşdirdiyi bu “əlifba” sonralar siyasi məhbuslar arasında geniş yayıldı).
   Amansız işgəncələr verilən dekabristlərdən beşi dar ağacından asılır. Hökm elan edildikdən sonra Bestujevin başı üstündə dövlətin verdiyi qılınc sındırılır, mundiri tonqalda yandırılır. Onun təqsiri birinci dərəcəyə aid edilir və boynunun vurulması hökmü çıxarılır. Ardınca I Nikolayın “mərhəmət”i; 10 iyul 1826-cı il tarixli fərmanında belə hökm imzalayır: “Rütbədən və dvoryanlıq hüququndan məhrum edilməklə, 20 il müddətinə katorqa işinə, sonra isə məskunlaşma yerinə göndərilsin”. 
   Beləliklə, I Nikolayın “mərhəmətinə” düşən və xidmət nöqtəsi kimi Qafqaza göndərilən yüzlərcə dekabristdən biri də həmən bu - sözün hər iki mənasında -
   
   Qəhrəman...
   
   Doğrudan da, o, mənsub olduğu cəmiyyətin yuxarı təbəqəsi tərəfindən “unudulmağa” və unutdurulmağa çalışılsa da, çox igid bir döyüş qəhrəmanı olub.
   Nə məhkumluq, nə rütbə və dvoryanlıqdan məhrumluq, uzaq Yakutska 20 illik sürgünlüyün faciəvi epizodları, dəhşətli, çox sərt sıxıntıları bu hədsiz qüvvə və enerji sahibinin iradəsini qıra bilmir.
   1829-cu ilin aprelində “dövlət canisi” Bestujev şəxsi zəmanətə əsasən döyüş əməliyyatlarında iştirak etmək üçün sıravi əsgər olaraq, dörd qardaşından iki kiçiyi - Pyotr və Pavel kimi (Nikolay və Mixail Sibir katorqa-sürgünündə idilər), Qafqaza - 20-ci illərin ikinci dekabristlər ocağına çevrilmiş Tiflisə göndərilir.
   Qafqaz - bir vaxt atılan güllənin yan keçdiyi bu dönməz inqilabçı və istedadlı ədibi öz ecazkar təbii gözəlliyi və müxtəlif mental xüsusiyyətlərilə heyran edir. Bu bənzərsiz aləm, Tiflisə gələn kimi Tehranda Qriboyedovun öldürülməsi xəbərini eşidib ovqatı pozulan, minbir dərdini deməyə hələlik bir adam tapa bilməyən bu zadəgan üçün yeganə təsəlli obyekti olur. Peterburq da ki nəinki çox uzaq, həm də tamamilə əlçatmaz...
   Az keçmiş o, Bakıxanovla dostlaşır, Azərbaycan dilini cidd-cəhdlə öyrənməyə girişir, bir çox köhnə dostları və dekabristlərlə tapışır. Qafqazın müxtəlif şəhər və kəndlərini gəzir, bu yerlərin təbiətini, xalqların adət və ənənələrini müşahidə edir və bunların nəticəsi olaraq, bir sıra gözəl tarixi əsərlər yazır.
   A.Bakıxanov Tiflisdə də tez-tez görüşdüyü bu görkəmli rus yazıçısının ağlına, dünyagörüşünə, yüksək mədəniyyətinə rəğbətlə yanaşır. Bir dəfə Abbasqulu ağanı öz evinə dəvət edir. Dostlar şam etdikdən sonra Bestujev ona dekabristlərin inqilabi cəhdləri, ümumən düşüncələri haqda danışır, çarizmin bütün Qafqazda yeritdiyi siyasətə toxunur. Bu fədakar yazıçının ürək ağrısıyla dediyi hər sözü diqqətlə dinləyən Abbasqulu ağa qeyd edir ki, indi bütün Rusiya siz əqidəli insanlara möhtacdır...
   Böyük Rusiyanın möhtac olduğu bu böyük şəxs isə özünü sınıq, qəlbən düşkün hiss eləyir və yazırdı: “Bilmirəm, dumanlı vətənimi, hətta iztirab çəkdiyim və məhv olduğum bu vətənimi hansı cənnətdə unudardım. Mənə elə gəlir ki, orada mənim canlı ürəyim dəfn olunub, düşüncə və yuxularım da oraya uçur”.
   Bu qəlbisınıq insanın gözəl “Molla Nur” povestini dilimizə olduqca gözəl üslubda tərcümə etmiş Tofiq Rüstəmov isə belə yazırdı: “1831-ci ilin yanvarında Dərbənd qarnizon batalyonundakı 1-ci rotanın sıravi əsgəri Aleksandr Bestujev alman alimi doktor A.Ermana məktubunda təzə xidmət yerinə gəlib çatanacan gördüklərini belə təsvir edir: “İlin axırlarında mən Kür vadisi boyunca şərqə sarı üz tutdum və Gəncədən, keçmişdə zərxarası, indi isə cəngiləri ilə məşhur olan Şamaxıdan keçib Dağıstana çatdım, yarım ildə on iki min verstə qədər yol ölçdüm. İndi mən Dərbənddə, tarixi ad-sanı və palçıqlı küçələri olan bir şəhərdə yaşayıram, yəni gün keçirirəm”.
   Dərbənd bu uğursuz “sərgərdan”ı qonaqpərvərliklə qarşılayır. Ömrünün 7 ilini Qafqazda və Azərbaycanda keçirən Bestujev burada Azərbaycan dilini yaxşı öyrənir və “Zaqafqaziya diyarının tatar dili türk dilindən az fərqlənir və fransızcanı bilib Avropanı başdan-başa gəzmək mümkün olduğu kimi, tatar dilini bilməklə də bütün Asiyanın o başından vurub, bu başından çıxmaq olar” qənaətinə gəlir. Xeyli şifahi xalq ədəbiyyatı nümunələri toplayır, ona tanış olmayan bu xalqın adamlarına, musiqisinə, xalq yaradıcılığına vurğunluğundan “Sınaq”, “Qorxulu fal”, “Leytenant Belozor” kimi gözəl povestlər, bir sıra publisistik yazılar doğulur. Xüsusi qeyd edilməli ki, 1837-ci ildə dünyasını dəyişən bu məşhur dekabrist Azərbaycan xalqını Rusiyanın geniş oxucu kütləsinə tanıtdıran ilk rus yazıçısıdır.
   
   Tahir Abbaslı