Aşıq Bəylər mahnı qoşar bu yerdə 
  
   Qədim və zəngin ənənələrə malik Şirvan aşıq məktəbi ulu sənətin inkişafına mühüm töhfələr verib. Bu mühitin görkəmli saz-söz ustalarından biri də aşıq Bəylər Qədirovdur. Müasirləri onun məlahətli səsini, ürəyəyatan ifasını yüksək qiymətləndiriblər. Aşıq sənətinin “Bülbülü” hesab olunan sənətkar el şənliklərində, rəsmi tədbirlərdə çıxış edərək el-obanın hörmətini qazanıb. 
   Bəylər Hacı Rəşid oğlu Qədirov 1914-cü il mayın 25-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Onların əsli Şamaxının Çuxanlı kəndindəndir. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra onun ailəsi də yurdunu tərk etməli olub. Hacı Rəşid qohumları ilə birlikdə Salyana köçərək burada Çuxanlı kəndinin əsasını qoyublar. 
   Bəylər gənclik illərindən ozan sənətinə maraq göstərir, saza, sözə sevgisi və məlahətli səsi onun gələcəkdə istedadlı aşıq olacağından xəbər verirdi. Sənətin sirlərini Şamaxının Cəyirli kəndində yaşayan Aşıq Abbasdan öyrənir, sonralar Rza Məmmədov (Aşıq Rza Qobustanlı), Mirzəli, Ağababa Bədəlov, Aslan İsmayılov, oğlu İxtiyar Qədirov və başqalarının ustadı olur. 
   Aşığın böyük qızı Adilə Babayeva atası ilə bağlı xatirələrini bölüşərkən bildirir ki, Bəylər Qədirov öz xeyirxahlığı ilə babalarının yolunu davam etdirib, ehtiyac içində olan ailələrə əl tutub, xalq arasında böyük hörmət sahibi olub. O, ustadlarından öyrəndiklərini öz şagirdlərinə sevə-sevə çatdırıb.
   1938-ci ildə Moskvada təşkil olunan Azərbaycan incəsənəti və ədəbiyyatı dekadasının iştirakçıları arasında Bəylər Qədirov da yer alıb. O, həmçinin 1938-ci ildə və 1961-ci ildə keçirilən II və III Respublika aşıqlar qurultayına nümayəndə seçilib. Ölkəmizdə keçirilən olimpiadalarda müvəffəqiyyətlə iştirak etdiyinə görə dəfələrlə Respublika Xalq Yaradıcılığı Evinin fəxri fərmanları və müxtəlif nişan və medallarla təltif olunub. Aşıq həmçinin 1959 və 1970-ci illərdə Moskvada mədəniyyət dekadalarında saz-söz sənətimizi layiqincə təmsil edib.
   Yaradıcı aşıq kimi də tanınan sənətkarın şeirləri qəzet-jurnallarda, almanaxlarda, başqa nəşrlərdə işıq üzü görüb. Azərbaycan Dövlət Filarmoniyasında, digər konsert salonlarında, eləcə də zəhmətkeşlər qarşısında könülaçan saz havaları səsləndirib. Onun ifasında “Şəşəngi”, “Döymə Kərəmi”, ”Ordubadi”, “Aran gözəlləməsi”, “Kərəmi”, “Peyvəndi şikəstə”, “Şirvan şikəstəsi” və s. aşıq havaları yaddaşlara yazılıb. O, eyni zamanda mahir dastan bilicisi olub. “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Koroğlu” və s. dastanları gözəl dillə xalqa çatdırıb.
   Qələmə aldığı şeirləri də (“Səhərlər”, “Muğan”, “Yaxşıdır”, “Kür qırağı”, “İnciyər”, “Öz vətənim gözəldir”, “Azərbaycan - ana yurdum”, “Oynayır”, “Gözlərin”, “Bəxtəvər” və s.) dillər əzbəri olub, saz havaları üstə oxunub. Qiymətli gözəlləmələr, ustadnamələr, dastanlar müəllifi və ifaçısı olan Bəylər Qədirov Şirvan-Muğan məktəbi ilə Gəncə-Tovuz və Göyçə-Borçalı aşıq məktəbləri arasında mənəvi körpü yaradıb. O, digər aşıq mühitlərinə məxsus klassik aşıq havalarını da özünəməxsus ustalıqla ifa edib. İfasında bir çox aşıq mahnıları Azərbaycan Radiosunun “qızıl fondu”nda saxlanılır və indi də sevə-sevə dinlənilir. 
   Aşıq Bəylər Qədirov 1991-ci il iyunun 3-də Çuxanlı kəndində vəfat edib.
   
   * * *
   Görkəmli aşığın yaradıcılığından bəzi nümunələri oxuculara təqdim edirik.
   
   
   Gərəkdir
   
   Özünə aşıq deyən hər kəsə
   Qəlb açan səs, şirin söhbət gərəkdir.
   Sözlərini dinləməyə gələnlər
   Razı qalsın çəksin ləzzət gərəkdir.
   
   Ağlı olan verməz ömrünü bada, 
   Boş-boşuna gəzməz orda-burada. 
   Yetmək üçün bir arzuya, murada 
   Hər insana halal zəhmət gərəkdir.
   
   İlan kimi sürünməkdən nə çıxar, 
   Qına girib bürünməkdən nə çıxar,
   Tənbəllikdən, ərinməkdən nə çıxar, 
   İnsana güc gərək, qüvvət gərəkdir.

   Bu dünyada sədaqətlə yaşa şən,
   Məhəbbətlə vur ömrünü başa sən,
   Haqq sevən ol, dönüb qəlbi daşa sən
   Başqasına etmə zillət gərəkdir...
   
   Mən sevirəm oğulların mərdini, 
   Oğul odur çəksin xalqın dərdini,
   Oğul odur bilsin elmin qədrini,
   Qazansın özünə sənət gərəkdir.
   
   Oğul gərək yaşamasın qul kimi,
   Əldən-ələ dolanmasın pul kimi,
   Oğul igid olsun Koroğlu kimi,
   Qolunda el gücü, cürət gərəkdir.
   
   İnsan gərək bilsin insan qədrini,
   Bu həyatda tanısın öz yerini,
   Həzz almasın incitməkdən birini,
   Böyüyə-kiçiyə hörmət gərəkdir.
   
   Saysız-hesabsızdır bizim aşıqlar, 
   Hərənin öz yeri, öz hörməti var.
   Aşıq Bəylərin də bir niyyəti var:
   Hər kəsə el versin qiymət gərəkdir.
    
    
   Kür qırağı
   
   Kür qırağı seyrəngahdır əzəldən,
   Vaqif deyən gözəllər var bu yerdə.
   Dəyişib zəmanə, gəlib ruzigar,
   Kür-Araz da coşar-daşar bu yerdə
    
   Dəyişib libasın daha bu ellər,
   Zər-ziba qurşanıb qızlar, gəlinlər
   Geyinib tül, xara, şifon, gülməxmər
   Görənlərin ağlı çaşar bu yerdə.
    
   Yaşılbaş sonalar göldə üzərlər,
   Vəcdə gəlib dörd tərəfi gəzərlər,
   Bəzənib naz ilə səfi düzərlər,
   Nəğmə deyib qaqqıldaşar bu yerdə.
    
   Tamaşa istəsən, tamaşa burda,
   Qurşanıb pərilər qumaşa burda,
   Çox ömür istəsən, gəl yaşa burda,
   Aşıq Bəylər mahnı qoşar bu yerdə.
   Azərbaycan - ana yurdum
   
   Azərbaycan - ana yurdum, ey məkan, 
   Dağlarının gül-çiçəkli yazı var. 
   Qucaq açıb Şirvanına Mil-Muğan 
   Cənnətimiz Qarabağda yazı var.
    
   Qayalardan atılanda şəlalə
   Yamaclarda üzə gülən al lalə.
   İrmaqların doldurubdur piyalə
   Bulaq üstə gözəllərin nazı var.
    
   Güc almısan bir müqəddəs diləkdən,
   Bol olmusan daim halal çörəkdən,
   Bəylər ötür nəğməsini ürəkdən,
   Səni hər gün vəsf eləyən sazı var.
    
   
   Telli sazım
   
   Gəl, gəl yenə öz sinəmə
   Səni alım, telli sazım. 
   Simli qolu, qolum üstə
   Tutub çalım, telli sazım.
   
   Bir düşmənsən qəmə, dərdə,
   Səsin qalxsın pərdə-pərdə.
   Qoy səninlə məclislərdə
   Cüt ucalım, telli sazım.
   
   Öz yurdumdan, öz elimdən,
   Qüvvət alım, gəncləşim mən.
   Nə sən mənim düş əlimdən, 
   Nə qocalım, telli sazım.
   
   Gəl ki, səni çəkim zilə,
   Nəğməm çatsın hər mənzilə.
   İstərəm ki, eldən-elə
   Səda salım, telli sazım.
   
   Sənsən mənə qol-qanad da,
   Şan-şərəfdə, şöhrət, adda,
   Səninlə mən şən həyatda
   Birgə qalım, telli sazım.
    
   Bəylər deyər, gələr zaman, 
   Mən köçsəm də bu dünyadan,
   Ürəklərdə hər vaxt, hər an
   Mehman qalar “Telli sazım”.
   
   Zərəngiz Dəmirçi Qayalı