Görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi qeyd olunub
   
   Noyabrın 7-də Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.
   Tədbir Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral 2017-ci il tarixli sərəncamından irəli gələrək təşkil olunub. Fond yubileylə əlaqədar Tofiq Quliyevin yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusu hazırlayıb.
   Yubiley gecəsindən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov toplunun Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gəldiyini diqqətə çatdırıb. Toplu Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında kitab-albomdan, bəstəkarın bədii filmlər üçün mahnıları, əsərlərindən ibarət 4 cildlik not kitabları, fleş-kart dəstindən ibarətdir. Elektron daşıyıcılarda Tofiq Quliyevin müxtəlif əsərləri 10 tematik mövzu üzrə qruplaşdırılıb. 
   Sonra Heydər Əliyev Mərkəzinin Auditorium zalında təntənəli mərasim başlayıb. Əvvəlcə bəstəkarın oğlu, kinorejissor, Xalq artisti Eldar Quliyev və qızı, yubiley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış edib.
   Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya tədbirin təşkilinə görə minnətdarlığını bildirib. 
   Çıxışlardan sonra Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.
   Daha sonra təqdim olunan konsert proqramında bəstəkarın mahnıları, filmlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub. 
   Konsertdə ifaçıları Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.