Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, tanınmış qarmon ifaçısı Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçirildi.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə keçirilən tədbir səbəbkarın ifasında müəllifi olduğu “Muğam və rəqs” əsərinin səslənməsi ilə başlandı. 
   Gecədə sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verildi. Bildirildi ki, qarmon ifaçılığı sənəti musiqimizin zəngin çalarlarını özündə əks etdirir. Bu aləti xalqa sevdirən sənətkarlardan biri də Zakir Mirzəyevdir. 
   Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov, akademik Vasim Məmmədəliyev və başqa çıxış edənlər sənətkarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladılar. 
   Vurğulandı ki, Zakir Mirzəyev qarmonu simfonik orkestrlə uzlaşdıran ilk ifaçıdır. O, Vyanada Üzeyir bəyin heykəlinin açılışı zamanı Motsartın əsərini qarmonda səsləndirərək Avropa dinləyicilərinə bu alətin Azərbaycan musiqi ifaçılığında mühüm yer tutduğunu sübut etməklə yanaşı, həm də yüksək peşəkarlıq nümayiş etdirmişdir. 
   Xalq artistləri Aftandil İsrafilov, Ənvər Sadıqov, Gülyaz Məmmədova, əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, qarmon ifaçıları Aydın Əliyev, Teyyub Teyyuboğlu, klarnet ifaçısı Qulammirzə Mirzəyev öz musiqi töhfələri ilə Zakir Mirzəyevi təbrik etdilər.
   
   Lalə Azəri