Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Finlandiya ali təhsil və bir neçə turizm şirkətinin iştirakı ilə “Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində işçi seminar keçirilib.
   Seminardan öncə universitetin rektoru İlham Mədətov qonaqları qəbul edib. Söhbət zamanı Finlandiya universitetləri ilə əlaqə, Erasmus+ proqramı çərçivəsində həyata keçirilən tələbə-müəllim mübadiləsindən danışılıb. Qeyd olunub ki, son üç ildə ATMU-nun dörd tələbəsi bu proqram çərçivəsində Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetində təhsil alıb, iki əməkdaş təcrübə mübadiləsində olub. Kajaani Universitetinin professoru isə ATMU-da “Davamlı turizm” mövzusunda seminar keçib. 
   Qeyd edək ki, “Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə əlaqələndiriciləri Ekoloji Tarazlıq İctimai Birliyi və Kajaani Tətbiqi Elmlər Universiteti, tərəfdaş Azərbaycan Turizm və Menecment Universitetidir. Layihənin hədəf regionlarına Quba, Lənkəran-Astara, Şəki-Qəbələ daxildir. İşçi seminarda adıçəkilən regionlarda kənd turizminin inkişafına dair marketinq strategiyasının ilkin işçi sənədi müzakirə edilib.
   
   Fariz Hüseynov