Noyabrın 1-dən 6-dək Bakıda “YARAT” Müasir İncəsənət Mərkəzinin təşəbbüsü, “Bakcell” şirkətinin dəstəyi ilə “M.A.P.” (Music. Art. Performance) incəsənət festivalı keçirilib. Layihə çərçivəsində paytaxtın müxtəlif teatr səhnələrində tamaşalar təqdim olunub, həmçinin konsert, mühazirə və ustad dərsləri təşkil edilib.
   Festival proqramına daxil olan əsərlərdən biri - “Pyotr Fomenkonun emalatxanası” teatrının təqdim etdiyi “Gülməli adam” tamaşası “ÜNS” yaradıcılıq səhnəsində nümayiş olunub.
   Əvvəlcə teatrın bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi, Rusiya Teatr Sənəti İnstitutunun professoru Yevgeni Kamenkoviç çıxış edərək Bakıya dəvətə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.
   Fyodor Dostoyevskinin “Gülməli adamın yuxusu” adlı fantastik hekayəsi əsasında quruluş verilmiş “Gülməli adam” tamaşası gənc artist Fyodor Malışevin və “Besı” musiqi qrupunun birgə işidir. Fyodor Malışev ssenari müəllifi və baş rolun ifaçısı olmaqla yanaşı, bu tamaşada rejissor debütünü də edib.
   Müəllif böyük yazıçının məşhur hekayəsini yeni tərzdə mənalandıraraq onu 45 dəqiqəlik monoloqu və xüsusi musiqi müşayiəti olan monotamaşaya çevirib. Musiqi heyrətamiz qəhrəmanın bir-birini ani əvəz edən emosiyalarına uyğundur. Tamaşanın fəlsəfi ideyası Xristianlıq dininin on əsas ehkamlarından biridir: “Yaxın adamlarını özünü sevdiyin kimi sev”. Bu adi həqiqət gülməli insana yuxuda ikən açılır. O özünü öldürərək müqəddəs torpağa düşür. Cənnətə oxşayan bu məkanda insanlar əzab-əziyyətin nə olduğunu hələ bilmir, onlar hamısı doğulandan ölənə qədər xoşbəxtdirlər, lakin bu qonağın “sayəsində” müasir dünyanın naqislikləri onlara da yoluxur. Çünki yaşadığı torpaqda xoşbəxtliyi “söndürən”, cəmiyyəti ləkələyən, onu özünün istədiyi kimi yaşamağa öyrədən məhz insandır. “Özünü necə sevirsənsə, başqalarını da elə sev. Vəssalam, bundan artıq heç nə lazım deyil” - indi son dərəcə adi olan bu sözlər həmişəkindən daha aktual səslənir. Gülməli adamın sözləri müasir dövrün ağrı-acılarını əks etdirir. Əgər biz hamımız bu həqiqəti qəbul etsəydik, onda nə müharibələr olardı, nə də terror.
   Tamaşa zalın alqışları ilə qarşılanıb. 
   * * *
   Festivalın proqramına məşhur birpərdəli baletlər də daxil idi. Layihənin son günü - noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiyanın “Novıy Balet” teatrı baletmeyster Konstantin Keyxelin quruluşunda “Sovrulanlar”, Kiril Radevin quruluşunda “Çevrilmə” (F.Kafkanın əsərinin motivləri əsasında) və Françesko Ventrilyanın quruluşunda “Bolero” baletlərini təqdim edib.
   “Sovrulanlar” baleti küləyin magiyası haqqındadır. Bütün zamanlarda insanlar küləyə ilahi qüvvə kimi yanaşıblar. Bir çox rəvayətlərdə külək ayrı-ayrı tanrıların obrazlarında çıxış edir. 
   “Çevrilmə” baleti səhnədə baş qəhrəmanın yaşadığı anlaşılmaz, dramatik alın yazısı ilə bağlı fantastik ab-hava yaradıb. Bu səhnə əsəri həqiqət və cəfəngiyat arasında incə sədd dramanı qroteskə çevirməklə tamaşaçını qeyri-reallıq və fantasmaqoriya dünyasına aparır, insan taleyi haqqında düşünmək üçün əsas verir.
   Moris Ravelin “Bolero” baleti taleyin əzablı yolları ilə mübarizədə insanın gücünü təsvir edir. “Bolero”nun hər bir notu, balet artistlərinə bu ecazkar musiqinin duyğularını və qüdrətini ötürməyə vadar edir. Taleyin dönüklüyü ilə insanın mübarizəsi sonda zəfər çalan sevginin timsalında kulminasiya nöqtəsinə çatır, qüvvə və ehtirasın bir-birinə qovuşması ilə tamamlanır.
   * * *
   Festival çərçivəsində “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış musiqiçilər Bencamin Britten və Sofiya Qubaydulina konsert proqramı ilə çıxış edib. Bencamin Britten “Frenk Bric mövzusunda variasiyalar” və Sofiya Qubaydulina isə “Fachwerk” adlı ən məşhur kompozisiyalarını səsləndirib.
   Musiqili gecədə, həmçinin Ukrayna əsilli almaniyalı akkordeon ifaçısı Roman Yusipey çıxış edib. İfaçıları Xalq artisti Yalçın Adıgözəlovun idarəsi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.