Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyi ilə 3-4 noyabr tarixində Göyçayda XII Nar festivalı keçirilib.
   Rəsmilərin, millət vəkillərinin, xarici ölkələrin diplomatlarının, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, digər qonaqların, xarici turistlərin qatıldığı ənənəvi festival rəngarəngliyi və tədbirlərin zənginliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.
   Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Festival iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.
   Festivalın açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış ediblər. Qeyd olunub ki, 12-ci dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin və turizmin inkişafı baxımından əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan Nar festivalı Azərbaycanın dünyada təbliğinə xidmət göstərir, yerli və xarici media tərəfindən geniş işıqlandırılır. Müxtəlif ölkələrdən turistlər məxsusi olaraq bu tədbirə qatılmaq üçün bölgəyə gəlirlər.
   Çıxışlarda narçılığın iqtisadi cəhətdən gəlirli sahə olduğu vurğulanıb, narın insan sağlamlığı üçün böyük əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, bu il Göyçayın nar bağlarında 50 min tona yaxın məhsul yetişdirilib. Məhsulun yarıdan çoxu Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrə ixrac edilir.
   Meydanda təşkil olunan kitab sərgisi, nümayiş etdirilən əl işləri, sənət nümunələri maraqla izlənilib, idmançıların, rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.
   Festival çərçivəsində “AzNar” QSC-nin dəstəyi ilə yaradılan “Nar” abidəsinin açılış mərasimi olub, “Ən gözəl nar qızı” respublika müsabiqəsi keçirilib, qaliblərə mükafatlar təqdim olunub. Yerli və xarici qonaqların bir qrupunun “AzNar” zavoduna tanışlıq səfəri təşkil edilib.
   Bayram tədbirində qonaqlar nardan hazırlanan məhsulların, o cümlədən nardançanın, narşərabın, nar şirəsinin, nar mürəbbəsinin, həmçinin milli mətbəximizin nümunələrinin, müxtəlif şirniyyatların dadına baxıblar. Festivalda nara həsr olunan şeir və mahnılar səsləndirilib, bədii özfəaliyyət kollektivlərinin, aşıqların, musiqi məktəbi şagirdlərinin çıxışları alqışlarla qarşılanıb. Sonda incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.
   Festivalın ikinci günü Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları təşkil olunub, “Nar kuboku” uğrunda futbol yarışı, “Ən böyük nar” müsabiqəsi keçirilib.