Artıq neçə nəsil Azərbaycan insanı onunla nə vaxt tanış olduğunu dəqiq xatırlaya bilmir. Bəzilərimiz üçün ağlımız kəsməyən yaşımızda televizora baxdığımız çağdan, bəzilərimiz üçün ilk dəfə televizora baxdığı gündən doğma simaya çevrilmişdi. Neçə nəsil üçün Azərbaycan insanı necə danışmalıdır, necə davranmalıdır, nə qədər bilikli və məlumatlı olmalıdır suallarının canlı cavabı, hər gün televiziya ekranından üzümüzə mərdanə təbəssümü, aydın baxışları, səmimi diksiyası ilə bizə baxan Sima idi. Ötən həftə onu həmişəlik itirdik... 
   Bu neçə gündə yenidən müxtəlif televiziya kanallarının yadigar lentləri onu bizə təkrar-təkrar göstərdi. Diktor, aparıcı adını yüksəyə, kiminsə sözünü çatdıran mütəxəssis səviyyəsindən danışıq etalonu səviyyəsinə qaldıran Xalq artisti Rafiq Hüseynli uzun sürən ağır xəstəlikdən sonra haqq dünyasına qovuşdu...
   ...Düzü, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısındakı izdihamı, salonda üzünə hüzn dumanı çökmüş insanları, səhnədəki yaşıl örtüklü tabutun yanındakı qara lentin bağrına basdığı iri portretini görənədək bu xəbərə inanmaq istəmirdim. Eh, hələ cavan yaşlarında bir neçə gün ekrana çıxmayanda, məzuniyyətdə olanda onun başına müsibət gəldiyi barədə azmı şayiə dolaşmışdı? Dəfələrlə onu istirahətdən ayırıb işə çağırıb ekrana çıxarmışdılar ki, gəl, ekranda görün, yoxsa telefonlar susmaq bilmir, camaat səni görüb sakitləşsin... 
   Amma yox, mənim sənət kumirimin budəfəki səfərdən dönüşü yoxdu... 
   Salona diqqət yetirirəm. Nə qədər qəhərlənsəm də, Rafiq Hüseynli ilə dəfələrlə etdiyimiz söhbətlərin, müsahibələrin mövzusu yaddaşımı iti fırlanan kino lenti kimi hərləsə də, diqqətim vida mərasiminə toplaşanlardadır. Dövlət rəsmiləri, sənətkarın ailə üzvləri, yaxınları, dostları, elm və mədəniyyət xadimləri, sadə insanlar... Mərasimə gələnlər təkcə Rafiq müəllimin həyat yoldaşı Səbinə xanıma, yadigarı Leyliyə deyil, həm də televiziya işçilərinə, onun ən böyük ailəsinin üzvlərinə başsağlığı verirlər. 
   Mərhumun tabutu qoyulmuş səhnə əklillərlə doludur. Tabutun önünə Azərbaycanın Birinci vitse-prezidentinin, Mədəniyyət və Turizm Nazirliyinin, digər qurumların adından əklillər qoyulub.
   * * *
   ...İş elə gətirmişdi ki, Rafiq Hüseynli ilə şəxsi tanışlığımız o, ekrandan, televiziyadan uzaqlaşandan sonra baş vermişdi. Əlliillik yubileyi münasibətilə ondan müsahibə almışdım. 1996-cı il avqustun 3-də "Panorama" qəzetində dərc olunmuş həmin müsahibənin adını da "Ekranda yeri görünən adam" qoymuşdum. Bildiyim qədər, o zaman həmin geniş müsahibə birmənalı qarşılanmamış, hətta baş redaktora irad da bildirmişdilər. Amma müsahibə həm xeyli müsbət əks-səda doğurdu, həm də bizi - təcrübəli televiziya xadimi ilə onu uşaqlıqdan özünə sənət kumiri hesab edən gənc jurnalisti dostlaşdırdı. 
   Dostlar demişkən... 
   Hüznə qərq olmuş salonda kimlər yoxdu? Axı, televiziya bizim ailə üzvümüzdür, yaxın qohumumuzdur. Yaxşı yaxın qohumun itkisi insanı nə qədər yandıra bilərsə, insan kütləsini Mahnı Teatrının binasına toplayan itki də hər kəsi eynilə yandırıb göynədirdi. Dostlar sağ olsun deyə şəxsi tanışlığımızdan istifadə edib Rafiq müəllimi sevənlərə yaxınlaşıram. 
   Xalq artisti Ofeliya Sənani: 
   - Validin yubileyində Rafiq təbrik sağlığı dedi ki, Allah bizə ömür versin, bundan sonra dostluğumuzu heç olmasa, 15 il davam etdirək. Qismətə bax ki, yubileydən sonra Valid heç bir il yaşamadı, Rafiq də cəmi altı il ömür sürdü... Çox çətindi, qızım, çox... Bir-birimizi o qədər çox istəyirdik ki. Rafiqin xətri mənə övladım qədər əziz olsa da, ona baş diktor kimi də hörmət edirdim. İllərlə bizə rəhbərlik etdi, amma biz bir dəfə onun yüksəkdən danışdığını, yersiz iradını eşitmədik. 
   
   "Mədəniyyət" telekanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundov:
   - Mən doğma adamımı itirmişəm. Rafiqin səsini eşitmək kifayət idi ki, onun özünü görəsən. Rafiq vizual mətnə, işinə, baş diktor olan zaman isə bütün diktorların işinə qarşı çox tələbkar idi. O, ömrünün gözəl çağında "Qonaq otağı" kimi gözəl müəllif verilişi açdı, həmin proqramın redaktoru da mən idim. Azərbaycan mədəniyyətinin qaymaqlarını həmin verilişə qonaq çağırırdı. Həmin proqram Azərbaycan Televiziyasının "qızıl fondu"nda saxlanılır. Rafiq Azərbaycanda teleaparıcı sənətini mədəniyyət xadimi səviyyəsinə qaldırdı. Nə edək ki, dünya gəlimli-gedimli dünyadır. Rafiq Hüseynlinin adı, siması, səsi heç vaxt onu sevənlərin, onun yetirmələrinin yadından çıxmayacaq.
   
   Televiziya rejissoru, Xalq artisti Vasif Babayev: 
   - Rafiq diktor müsabiqəsində iştirak edəndə mən münsiflər heyətinin üzvü idim. Çox inadkar, çalışqan idi. Mənim çəkdiyim filmlərin, proqramların 60-70 faizini Rafiq Hüseynli səsləndirib. "Mavi işıqlar"ın çəkilişlərində qadın diktorlar dəyişsə də, Rafiq dəyişmirdi. Fenomenal yaddaşı var idi. Son illər yenidən Rafiq AzTV-yə qayıtdı. O öz təcrübəsini cavanlara öyrətməyə başladı. Təəssüf ki, xəstəliklər onu əlimizdən aldı... 
   * * *
   Salonda vida mərasimi başlayıb. 
   Həmişə hər kəsə söz verən, mikrofon önünə çıxışçıları dəvət edən Rafiq Hüseynlinin əvəzinə onu yaxından tanıyan insanlar ürək sözlərini bölüşürlər. 
   
   Tanınmış teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli: "...Şöhrət xam atdır. O səni istədiyi zaman öz tərkindən sala bilər. Amma Rafiq Hüseynli bu atın yüyənini ömür boyu əlində möhkəm saxladı". 
   
   Diktor, Xalq artisti Əli Məmmədov: "Rafiq sadə Azərbaycan ədəbi dilini efirə gətirən ilk diktor idi. O, bu yeniliyi ekrana gətirmək üçün sonadək mübarizə apardı və qalib gəldi. Mən həmişə onu özümə müəllim bilmişəm, bundan sonra da elə biləcəyəm". 
   
   Rejissor, Xalq artisti Ramiz Həsənoğlu: "Rafiq haqqında düşünəndə istər-istəməz Çexovun bir ifadəsi yadıma düşür: "İnsanda hər şey gözəl olmalıdır". Allah-təala ondan boy, yaraşıq, səs, istedad baxımından heç nəyi əsirgəməmişdi. Şöhrəti, hörməti, məhəbbəti özü qazandı". 
   
   Diktor, Xalq artisti Eldost Bayramov: "Rafiq öz diksiyası, təmiz Azərbaycan dilində danışması ilə Azərbaycan televiziyasında öz cığırını açdı. Öz sənəti ilə Azərbaycan televiziyası və radiosunun şöhrətini göylərə qaldırdı".
   
   Televiziya aparıcısı, Əməkdar artist Gülşən Əkbərova: "Rafiq mənim dostum, qardaşım, müəllimim idi. Mən onun haqqında keçmiş zamanda danışa bilmirəm". 
   
   Əməkdar artist Nərgiz Cəlilova: "Rafiq müəllimin bütün yetirmələri və tələbələri adından bu dünyada son dəfə ürək sözlərimi deyim: Rafiq müəllim, biz gec-tez o dünyada görüşəcəyik. Bax, o zaman sizinlə yarımçıq qalan söhbətlərimizi sonsuzluğa qədər davam etdirəcəyik. Buna görə də mən bu gün "əlvida" demirəm". 
   
   Əməkdar artist Rafiq Həşimli: "Rafiq Hüseynli öz ölümü ilə sübuta yetirdi ki, əgər düzgün yaşayırsansa, ölüm o qədər də qorxulu deyil".
   
   Ölüm qorxulu deyil demişkən... 
   Həmin o 96-cı ilin iyulunda Rafiq müəllimin mənzilində ondan yubiley ovqatlı müsahibəni alarkən, qonağına, yəni mənə meyvə soya-soya söylədiyi o fikir Rafiq Həşimlinin dediyi ifadənin təməli imiş: "Mən inanıram ki, o dünya var. Mən orada mütləq oğlumla görüşəcəyəm". 
   Yadımdadır, o vaxt Rafiq müəllim bu sözləri elə ağayana təmkinlə söyləmişdi ki!... O zaman anlamasam da, yaş keçincə, əzizlərimi cavan yaşda itirdikcə həmin təmkinin mənasını da, həsrətin çəkisini də dərk edirəm. Üstəlik, düşünürəm ki, nə yaxşı ki, bu gün ata itkisini mərdliklə qarşılayan, anasının əlindən möhkəm yapışan, atasının adını yaşadacaq Leyli var. 
   Qəribədir ki, Rafiq müəllimlə illər sonrakı başqa bir müsahibəmdə balaca Leyli barədə də ürək sözünü demişdi: "Ürəyimə damıb ki, Leylinin yetkin yaşını, evli-uşaqlı qadın olacağını görməyəcəyəm. Neyləyək, anası cavandır, mənim əvəzimə də qızımızın böyüməyinə sevinər". 
   * * *
   Bu günlər telekanallarda, saytlarda, sosial şəbəkələrdə Rafiq Hüseynlinin ifasında "Gecdi daha" mahnısını çox səsləndirirlər. Görəsən, Rafiq müəllim həmin mahnını lentə yazdırarkən nələr hiss etmişdi, nələri düşünmüşdü? Amma bildiyim odur ki, bu gediş tez idi, vallah, tez idi. 
   Ruhun şad, məkanın cənnət olsun!
   
   Gülcahan