Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilində nəşrinin təqdimatı keçirilib. Poemaları orijinaldan şair və tərcüməçi Olimcan Buriyev tərcümə edib.
   Kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “İstiqlol nuri” nəşriyyatında çap edilib. Nəşrin redaktoru və “ön söz”ün müəllifi akademik Aziz Kayumovdur.
   Tədbirdə Özbəkistan Milli Kitabxanasının direktoru Əlişir Abduəzizov Şərqin ən böyük mütəfəkkirlərindən olan Nizami Gəncəvi irsinin dünya miqyasında təbliğinin vacibliyindən danışıb. O, dahi Azərbaycan şairinin beş poemasının hamısının özbək dilinə tərcümə edilməsini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, 1937-ci ildən Daşkənd Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır və 2004-cü ildə şəhərdə şairin abidəsi ucaldılıb.
   AMM-in direktoru Samir Abbasov Nizaminin yaradıcılığından danışıb, şairin əsərlərinin Özbəkistanda da böyük maraq doğurduğunu vurğulayıb. O, “Xəmsə”nin dünya ədəbiyyatının inciləri sırasında olduğunu qeyd edərək Nizami irsinin təbliğində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. 
   Şairlər Abduləziz Mansur, Nurulla Sultan, Daşkənd İqtisadiyyat və Diplomatiya Universitetinin professoru Raxmon Fərman, yazıçı Maxkam Maxmudov, tarixçi Nemat Xasan Azərbaycanın zəngin ədəbiyyatının digər xalqların ədəbiyyatına, eləcə də Nizami Gəncəvi yaradıcılığının özbək ədəbiyyatının tanınmış nümayəndəsi Əlişir Nəvaiyə təsir etdiyini qeyd ediblər. Olimcan Buriyev Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə kitabın nəşrində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
   Tədbirdə həmçinin gənclər arasında Nizami yaradıcılığına dair viktorina keçirilib, qaliblərə “Xəmsə” kitabı hədiyyə olunub. Sonda Nizami irsinə həsr olunan sənədli film nümayiş etdirilib.