Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında tanınmış şair Musa Yaqubla görüş keçirilib. 
   Görüşdə baş idarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, 16 saylı texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.
   Kitabxana filialının direktoru Gülşən Abbasova qonaqları salamlayaraq, şair haqqında məlumat verib. Bildirib ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Ədəbiyyata 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə gəlib. Şairin “Taleyin qisməti”, "Sağlıqlar", "Yarpaqların payız söhbəti", "Atam, anam", "Tənhalıq" və digər şeirləri poeziya həvəskarları tərəfindən çox sevilir.
   Musa Yaqub oxucuların suallarını cavablandırıb, şeirlərini oxuyub. Sonda şairlə xatirə şəkilləri çəkdirilib.