Güney Azərbaycan nəsrində tanınan imzalardan biri də Həmzə Fəthi Xoşginabidir. Ötən əsrdə mühacir ömrü yaşayan digər cənublu soydaşlarımız kimi, onun da ədəbi irsində nisgilli ovqat üstünlük təşkil edir.
   Həmzə Fəthi Əli oğlu Xoşginabi 22 mart 1922-ci ildə Təbriz yaxınlığındakı Xoşginab qəsəbəsində dünyaya göz açıb. Bir il mədrəsədə təhsil alır. Ailəsinin çətin güzəranına kömək etmək üçün ağır zəhmətlərə qatlaşır. Gənc yaşlarından ədəbiyyata maraq göstərir, şeir və məqalələri 1941-ci ildən dövri mətbuatda dərc olunur.
   Həmin ərəfədə Cənubi Azərbaycanda milli hərəkat başlayır. Həmzə Fəthi Xoşginabi Azərbaycan Demokrat Partiyasının üzvü olur. Güney Azərbaycanın şəhər və kəndlərini gəzərək inqilab ideyalarını təbliğ edir. Yerli təşkilatların yaradılmasında, partiyaya yeni üzvlərin cəlb edilməsində fəallıq göstərir. Bu hərəkat onun yaradıcılığında yeni bir mərhələnin başlanğıcı olur. O, milli hökumətin süqutundan sonra (1946) Şimali Azərbaycana mühacirət edir. Bakıda “Azərbaycan” qəzetində məsul redaktor olur. 
   Yazıçının 1956-cı ildə üç hekayələr məcmuəsi çap edilir. Müəllif əsərlərində İranda zəhmətkeş soydaşlarımızın ağır həyatından bəhs edir. “Otaq” hekayəsinin qəhrəmanı Rəşid kənddə yerli rəhbərlərin özbaşınalığı üzündən hər şeyini itirir. Dolanışıq üçün qoca anasını da götürüb şəhərə gedir. Anası acından ölməsin deyə keçmiş düşməni - əmioğlusu Musaya pənah aparır...
   “İki dost” hekayəsində isə şəhərdə yaşayan bənna Məmmədtağı ilə kənddə biçinçi Xeyrullanın dözülməz həyatı təsvir olunur. Əsərin qəhrəmanı Məmmədtağı çox ağır zəhmətlərə dözmək məcburiyyətində qalır. Dəridən-qabıqdan çıxırsa da, ailəsinə bir parça yavan çörək apara bilmir. Taleyindən küskün, əlacsız Məmmədtağı bəzən ehtiyac üzündən övladlarının ona ağır yük olduğunu dilinə gətirir, bəzən də bu vəziyyətdə onların günahsızlıqlarını qəbul edir. Fikirləşən də dəhşətə gəlir ki, qəfildən dünyasını dəyişsə, bu qız uşaqları nə edəcək? O, belə suallara cavab tapmaqda çətinlik çəkir... 
   Yazıçının təsirli əsərlərindən biri də “Hüseynqulu” hekayəsidir. Əsərin qəhrəmanı deyib-gülən, məzəli lətifələri ilə həmkəndlilərini güldürən, xoşrəftarlı insandır. Amma onun kədərli bir həyat tarixçəsi olub. Uzun illər övlad həsrəti ilə yaşayan Hüseynqulunun sonbeşiyi olan Heydər nəhayət sağ qalır. Valideynlərin sevinci yerə-göyə sığmır... 1948-ci ilin qışında kənddə aclıq olur. Hüseynqulu da iş dalınca şəhərə gedir, ancaq iş tapa bilmir. Sonda yeganə övladı Heydəri itirir. O vaxtdan Hüseynqulunun bir daha üzü gülmür...
   Xoşginabinin yaradıcılığı haqqında ədəbi tənqiddə müsbət fikirlər söylənilib. Onun əsərlərində müəllif dilinin poetik və canlı olduğu xüsusilə vurğulanıb. Bir məqalədə müəllifin əsərindən belə bir qeyd verilib: “Küçə sakitlik idi. Ancaq Şapur xiyabanının uzaqlarından fayton atlarının ayaq səsləri, bir də elektrik məftillərinə toxunub vıyıldayan və öz soyuq nəfəsi ilə donmuş küçələri dolaşan küləyin səsi eşidilirdi...” 
   Yazıçı 1956-cı ildə Moskvada Ali ədəbiyyat kurslarına daxil olur. İki il burada təhsil aldıqdan sonra təyinatla əvvəlcə Bolqarıstanda, sonra Tacikistanda çalışır. O, 1969-cu ildə Moskvaya qayıdır və SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışır. Eyni zamanda ədəbi fəaliyyətini də davam etdirir.
   Həmzə Fəthi Xoşginabi 1989-cu ildə Moskvada vəfat edib, Bakı şəhərində dəfn olunub. Paytaxtımızda küçələrdən biri yazarın adını daşıyır.
   
   Savalan Fərəcov