Əslən Şamaxıdan olan rus modelyer Parisdə moda həftəsinə qatılıb
   
   Əslən Azərbaycandan olan rus modelyer-dizayner Aleksandra Salamaxina orijinal şərf və baş örtüklərinin müəllifi kimi tanınır. Modelyer bu nümunələri Azərbaycanın milli ornamentlərindən istifadə edərək yaradır və “Salamakhina Azerbaijan” brendi ilə dünyada tanıdır.   
   Bu günlərdə Parisdə keçirilən moda həftəsində iştirak edən modelyer yenə öz kolleksiyası ilə diqqət çəkib. Əslən molokan olan babasının vaxtilə Şamaxıda məskunlaşdığını vurğulayan A.Salamaxina deyir ki, həyatımın çox hissəsini Azərbaycanda yaşamışam: “Bu səbəbdən də oranın mədəniyyəti, dili, mətbəxi mənə daha doğmadır. Bakı Dövlət Universitetinin Kimya fakültəsində oxumuşam, sonra təhsilimi Böyük Britaniyada davam etdirmişəm. Hazırda ekologiya sahəsində çalışsam da, vaxtilə incəsənət sahəsini seçmək arzumu reallaşdırıb dizayn və moda ilə də məşğul oluram. Beş il əvvəl bu işə başladım və baş örtükləri, şərflərin dizaynında öz brendimi yaratdım”. 
   Dizayn konsepsiyası barədə danışan modelyer bildirir ki, məqsədim ənənəni trendə çevirmək və tarixi qorumaqla rənglərdə təəssürat yaratmaqdır: “Yaylıqlarımda Azərbaycan motivləri üstünlük təşkil edir, çünki bu mövzular mənə daha yaxındır”.
   Parisdəki moda həftəsinə ilk dəfə qatılan A.Salamaxina 12 libası təqdim edib: “Kolleksiya möhtəşəm qarşılandı. Xüsusilə də basma naxışlar və ornamentlərə maraq çox idi. Azərbaycanın etnik kolorit motivləri yetərincədir və bu nüans dünya modasını cəlb etmək iqtidarındadır. Biz bütün kolleksiyalarımızı butaya bağlamalı deyilik. Çünki bu ornament artıq yetərincə təbliğ edilib və dünyada tanınır. Müxtəlif naxışları dünya arenasına çıxarıb Azərbaycanın mədəni irsini nümayiş etdirə bilərik. Məsələn, növbəti kolleksiyamda Azərbaycanın müxtəlif rayonlarına səfər etdiyim zaman topladığım maraqlı fotolardan istifadə etmək fikrindəyəm. Bu kolleksiya “Bizim kəndimiz” adlanacaq. Azərbaycanın təbiəti gözəldir, ilin müxtəlif fəsillərini podiumda təqdim etmək fikrindəyəm. Bu mövsümün ilk yun şallarından biri biz tez-tez gəldiyimiz qar örtülü Zaqatalaya həsr olunacaq. Daha sonra bahar kolleksiyasını sınaqdan keçirəcəyəm”.
   
   Lalə Azəri