Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrı Bakıda qastroldadır. Kollektiv dünya şöhrətli aktyor, rejissor, SSRİ Xalq artisti Robert Sturuanın 80 illik yubileyi münasibətilə onun quruluş verdiyi tamaşalar ilə turneyə çıxıb və ilk qastrol ünvanı olaraq Azərbaycan paytaxtı seçilib. 
   Noyabrın 14-də yaradıcı heyət Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində rejissorun Amerika dramaturqu Terrens MakNellinin «Ustad dərsi» pyesi əsasında hazırladığı «Mariya Kallas. Dərs» tamaşasını təqdim etdi. Tamaşanı izləyənlər arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, paytaxt teatrlarının rejissorları, xarici diplomatlar, digər qonaqlar vardı.
   1996-cı ildə yazılmış «Ustad dərsi» pyesinə görə T.MakNelli ABŞ-da nüfuzlu teatr mükafatı sayılan «Toni» mükafatına ikinci dəfə layiq görülüb. 
   Robert Sturua bu əsəri öz 75 illik yubileyi ərəfəsində səhnələşdirsə də, böyük vokalçı-pedaqoq, qəliz ömür yaşamış Mariya Kallasa həsr olunmuş tamaşa hələ də teatrın repertuarındadır. 
   “Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır. Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.
   Tamaşa böyük maraqla qarşılandı. Tamaşa başa çatandan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rejissor Robert Sturua ilə görüşdü. Nazir görkəmli sənətkarı gözəl səhnə əsəri və yubileyi münasibətilə təbrik edərək, ona ən xoş arzularını bildirdi.
   Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan qastrol səfəri noyabrın 15-də, davam edəcək. Teatrsevərlər «Mariya Kallas. Dərs» tamaşasını bir daha izləyə biləcəklər.