Noyabrın 16-da Bakıda 3-cü “Türk filmləri həftəsi” başlayacaq. Film həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və bu ölkənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşacaq.
   Nizami Kino Mərkəzində keçiriləcək rəsmi açılış mərasimindən sonra türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya” filmi nümayiş etdiriləcək.
   Sonrakı günlərdə tamaşaçılar rejissor Bilal Babaoğlunun “Aşık”, Sinan Sertelin “Bir gün bir çoçuk”, Alper Çağların “Dağ-2” və Emre Konukun “Çırak” filmlərini izləmək imkanı əldə edəcəklər. Seanslar ödənişsizdir.
   “Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə və Azərbaycan filmlərinin qarşılıqlı şəkildə geniş təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq. Film həftəsi noyabrın 20-dək davam edəcək.