8-12 noyabr tarixində Polşanın paytaxtı Varşavada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalı keçirilib. Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova təmsil ediblər.
   Festival çərçivəsində keçirilən elmi konfransda A.Sultanzadə “Təhsil dayanıqlı inkişafın təməli kimi” mövzusunda məruzə ilə çıxış edib. Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova ölkəmizin festivalda fəal iştirakına görə diplomla təltif edilib.
   Qeyd edək ki, festival çərçivəsində keçirilən elmi konfransla əlaqədar olaraq oktyabr ayında Bakı Turizm Peşə Məktəbində “Təhsil dünyanı dəyişə bilər” devizi altında açıq dərs keçirilmişdi. 
   Festivalın təşkilat komitəsi tərəfindən kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərin təmsil olunduğu peşəkar münsiflər heyəti ilə yanaşı, bu ildən etibarən beynəlxalq tələbə münsiflər heyətinin də yaradılması qərara alınıb. Heyətə Polşa, Braziliya və Azərbaycandan tələbələrin daxil edilməsi təklif olunub. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin 9 tələbədən ibarət münsiflər heyəti yaradılıb. İyunun 22-də Bakı Turizm Peşə Məktəbində münsiflər heyətinin toplantısı keçirilib. Toplantıda festivala müxtəlif ölkələrindən təqdim edilən 17 filmə tələbə münsiflər tərəfindən baxış keçirilib və filmlər qiymətləndirilib.