Rostropoviçlərin ev-muzeyində Cənubi Koreyanın tanınmış violonçel ifaçısı Jiyun Yoo ilə görüş keçirilib.
   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova qonağa muzeyin tarixi və fəaliyyəti, maestronun həyat və yaradıcılığı barədə məlumat verib. Koreyalı müsafirə muzeyin layihəsi olan, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” not toplusu hədiyyə olunub. 
   Muzeyin rəy kitabına ürək sözlərini yazan Jiyun Yoo dünya şöhrətli violonçel ifaçısı Mstislav Rostropoviçin həyatı haqqında öyrəndiklərinin onda zəngin təəssürat yaratdığını qeyd edib. Ekskursiyanın sonunda xatirə şəkli çəkdirilib.
   Qeyd edək ki, Jiyun Yoo solist, kamera musiqiçisi və orkestr musiqiçisi kimi dünyada tanınıb, bir çox məşhur orkestrlərlə birgə çıxış edib.
   Noyabrın 11-də Azərbaycan Dövlət Filarmoniyasında koreyalı gənc violonçel ifaçısının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluq etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert proqramı təqdim olunub.