Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına səfər çərçivəsində ölkənin mədəniyyət və əntiq əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə ilə görüşüb.
   Görüş zamanı xanım nazir Azərbaycanla Bəhreyn arasında mədəni əlaqələrin yüksək olduğunu bildirib, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, müxtəlif beynəlxalq tədbirlərlə bağlı Bakıya etdiyi çoxsaylı səfərlərin onda xoş təəssürat yaratdığını, tarix-mədəniyyət abidələrinin qorunması, tolerantlıq və multikulturalizm sahəsində Azərbaycanın nümunə olduğunu deyib. 
   Nazir Əbülfəs Qarayev səmimi qəbula görə həmkarına təşəkkürünü bildirib və Bəhreyn Krallığına səfərinin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Körfəz ölkələrinin turizm sənayesi nümayəndələri üçün keçirilən təqdimat haqqında bəhs edən nazir əlavə edib ki, Azərbaycan Bəhreynlə həm mədəni, həm də turizm əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.
   Görüşdə son iki ildə Bəhreyndən Azərbaycana gələn turistlərin sayının sürətlə artmasından söz açılıb və qarşılıqlı turist mübadiləsinin əhəmiyyəti vurğulanıb.
   Səfər zamanı Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Bəhreyn nazirinin müşayiəti ilə bir sıra mədəni tədbirlərdə iştirak edib.