Məhz bu müddət ərzində dünya vokal sənətinin əfsanələrindən biri, “La Skala”nın ən möhtəşəm sənət uğurları ilə tarixi şəxsiyyətə çevrilən primadonnası Mariya Kallas Gürcüstanın Ş.Rustaveli adına Akademik Dram Teatrının səhnəsində yeni bir səhnə taleyi yaşayır. Daha doğrusu, xarakterinin mürəkkəbliyi, inanılmaz iradəsi ilə bərabər kövrək qəlbi ziddiyyət təşkil edən insan və sənətkar taleyinin müxtəsər epizodlarda xəsisliklə sirlər pərdəsi qaldırılır.
   Tamaşanın hər şeydən əvvəl diqqəti çəkən səhnə məkanı sanki ənənəvi teatr-tamaşaçı ünsiyyət formasına meydan oxuyur. Doğrudur, bu bir o qədər orijinal olmasa da, hər halda fərqlidir və aktyorların oyununu daha yaxından izləmək imkanı qazanan tamaşaçılar üçün olduqca əlverişlidir. Yəni seyrçilər tamaşaçı zalında deyil, tamaşanın ənənəvi oyun meydanı olan səhnənin ön və arxa planında yerləşdirilməklə, baş verənlərin passiv müşahidəçisi yox, bilavasitə iştirakçısına çevrilirlər. Başqa sözlə desək, tamaşaçılar adəti üzrə tamaşaçı zalına deyil, birbaşa səhnəyə yönəldilir və buranın hər iki tərəfində onlar üçün qarşı qarşıya düzülmüş oturacaqlarda əyləşirlər. Bu zaman ifaçı aktyorların oyun tərzi baxış bucağı olaraq bir tərəfi yox, iki tərəfi nəzərdə tutmaqla şərtlənir.
   Kote Purtselardzenin tərtibat verdiyi səhnədə, hər iki kulisə söykədilmiş və üzərində kiçik çərçivələrdən asılmış fotolar olan şərti divarlar, onun hər tərəfinə müəyyən proporsiyalarda qoyulmuş müxtəlif əşyalar gözə dəyir. Burada kiçik pianino, üzərində notlar olan müstəvi bir qədər aralıda, kiçik daş yüksəklik, onun yanında ağ vərəq üzərində bir portağal, ondan kənarda isə üç şamlıq şamdan var. Səhnənin mərkəzində, yuxarıdakı ştanqetdən asılmış kreslo, şeypur və s. rekvizitlər də, məşhur teatral deyimə istinad etsək, ehtimal ki, istifadəsiz qalmayacaq. 
   Beləliklə, Manana Antadzenin müəllifi Terens Makneli olan əsərin tərcüməsinin səhnə adaptasiyasını həyata keçirən Robert Sturuadan və Nino Kantidzedən həyata vəsiqə alan “Mariya Kallas. Dərs” adlı tamaşa başlayır və nəhayət çıxışda, projektorun işığı altında, Mariya Kallas görünür. Bu, həmin əfsanəvi Mariya Kallasın özüdür ki, var, amma indi qarşımızda görünən əvvəlki iddialı qürurunu qoruyan bu qadın mədhiyyələrdən və alqışlardan usanmış, “xatirələrin isti qucağında qızınan” (S.Vurğun) adi sənətçi kimi ustad dərsləri verən pedaqoqdur.
   İfaçı aktrisa Lela Alibeqaşvilinin təqdim etdiyi bu obrazın səhnə plastikası, başını dik tutmaqla, vüqarlı duruşu, inamlı addımlarla var-gəl etməsi, kiçik əmrləri ilə ambisiyalarını büruzə verməsi kifayət qədər güclü bir şəxslə üz-üzə durduğumuz qənaətini təsdiqləyir.
   O sərtdir, güzəştsizdir, sənətin və sənətçinin dəyəri və məsuliyyəti barədə illərin ona verdiyi təcrübəyə əsasən tutumlu əqidəyə malikdir. Bir zamanlar vokal ifaçılığının zirvəsində layiqli yeri olan bu sənətçinin ambisiyalı ədaları onun ətrafındakı yaradıcılığa iştahalı cavanlara yuxarıdan aşağı baxdığı rəyi yaratsa da, bunun, əslində, Mariya Kallasın özünə və başqalarına yüksək tələbkarlığı ilə bağlı olduğu tezliklə anlaşılır. O bəzi məqamlarda açıq-aşkar kobudluq edir, qəzəbini gizlətmir, amma qəzəbində belə səmimidir, onun ətrafındakılara münasibətində riyakarlıqdan əsər-əlamət yoxdur.
   Ş.Rustaveli teatrının təqdimatında və Lela Alibeqaşvilinin oyununda gördüyümüz Mariya Kallasın simasında uşaqlığından bu yana mürəkkəb tale yaşamış, şəxsi həyatında və sənətində yüksəliş və ağrı-acılar çəkmiş qeyri-adi bir qadınla rastlaşırıq. Onun sənət qələbələrini görüb həsəd çəkən və heyran olanlar həmin möhtəşəm uğurlara sərf edilən ömürdən, çəkilmiş məşəqqətlərdən xəbərsiz olduqları halda, Mariya Kallas bütün bunları yaşamışdır. Bu qadın illər boyu öz təbiətində sözlərlə ifadəsi mümkün olmayan, ən azı Füzuli qələminə möhtac qoşa məhəbbət bəsləmişdir. Taleyin qarğışı, yaxud ərməğanı olan qüdrətli istedadını həsr etdiyi sənətinə və insani hisslərinin ünvanı olan yunan əsilli milyarder Aristotel Onassisə qarşı məhəbbəti Mariya Kallasın tamaşa boyu xatirələrindən boylanan yaşantıları kimi olduqca təsirlidir. Burada ustalıqla istifadə edilən və yerli-yataqlı səsləndirilən Verdinin, Bellininin, Puççininin, Bethovenin və Kançelinin əsərlərindən zövqlə edilən seçmələr ayrı-ayrı səhnələrin ovqatına tamamilə uyğundur.
   Tamaşanın “Mariya Kallas. Dərs” adına uyğun olaraq səhnədə bir neçə cavan sənətçi ilə ustad dərsi keçən qəhrəman uzaq düşdüyü qaynar yaradıcılıq həyatının ötən illərinin nostaljisini yaşamaqdadır. O, fərdi istedadları ilə qarşısına gələn, onun fitri məharətindən, təcrübəsindən bəhrələnməyə can atan cavanları əsl sənət meyarlarına yönəltməklə bərabər, hər kəsə yaşam meyarlarını da təlqin edir. Bu məqamlarda Mariya Kallas güzəşt bilməyən rəftarında qıcıqlı və sərtdir. O, asan qələbə və şan-şöhrət sorağı ilə sənət aləminə üz tutanlara qarşı qəzəbini gizlətmir. Amma burada onu da qeyd etmək lazımdır ki, aşkar görünən vüqarı və iddialı hökmləri ilə yanaşı Mariya Kallasın həyatdan usanması, cəmiyyətdən nisgili ətrafındakılardan, əziz tutduğu kəslərdən incikliyi də ifaçının oyunu sayəsində ara-sıra çatdırılır. Onun istər “La Skala”nın rəhbərliyi tərəfindən eşitdiyi tənələr, hətta açıq şəkildə teatrı tərk etməsi barədə təhdidlər, yaxud Aristotel Onassislə yaşadığı məhəbbət macərası kənardan görünən mütləq xoşbəxtlik içərisində üzən bəxtəvər sənətçi illüziyasını dağıdır. Qarşımızdakı bu məğrur görkəmli sənətçi qadın büsbütün xiffət içərisindədir. Ən əziz olanını öz sənətinə fəda edən, indi gözümüzün önündə ustad dərsi keçən Mariya Kallasa daha böyük müəllim olan həyatın özü ibrət dərsi vermişdir.
   Sözümüzün bu yerində bir qədər ayaq verib, bayaqdan qeyd etdiyimiz tamaşanın dünyagörüşü bazasının və quruluşunun müəllifi Robert Sturua haqqında danışmaq məqamı gəlir. Öncədən onu bildirək ki, neçə-neçə mədəniyyət hadisəsinə çevrilmiş tamaşaları ilə dünya teatr ictimaiyyətinin diqqətini cəlb edən bu görkəmli sənətkar “Mariya Kallas. Dərs” tamaşasında sanki bir qədər dəyişərək, öz-özünə az oxşayır. Belə ki, bir qayda olaraq tamaşalarında oynaqlığı, nikbinliyi aşıb-daşan rejissor bu tamaşada bədbin, hətta bir qədər məğmun təsiri bağışlayır. 
   Tamaşanın ayrı-ayrı səhnələrində, istər Mariya Kallasın ustad dərslərinə gələn cavan sənətçilərlə yaradıcılıq münasibətlərində, istərsə də öz sənət həyatı ilə bağlı xatirələrin yaşandığı məqamlarda bəlli anlamda dramatizm ovqatı müşahidə edilmir. Hətta zahirən emosionallıq işarəsi olan səhnələrdə belə temporitmin süstlüyü, pauzaların ifadəsizliyi, bəzi hallarda isə əməl xəttinin rabitəsizliyi tamaşanın bədii bütöv kimi qavranılmasına mane olur. Bu isə, nə az, nə çox tamaşanın rejissor tərəfindən müəyyən edilmiş janr təyininin bilavasitə estetik təqdimatda əyaniləşdirilməməsinə bərabərdir.
   Tamaşanın janr xüsusiyyətlərindən başlamış, ayrı-ayrı epizodların səhnə həllində bir yarımçıqlıq, hadisələrin ardıcıllığında, uyğunsuzluqlar diqqəti çəkir. Robert Sturuanın başlıca yaradıcılıq xüsusiyyəti kimi tanınan səhnə dinamizmi, estetik bütövlük, “danışan” mizanlar “Mariya Kallas. Dərs” tamaşasında müşahidə edilmir. Sanki o, tamaşasının qəhrəmanı kimi həyatın gərdişindən yorulub, yaşadığı cəmiyyətin tələblərini yerinə yetirməkdən usanıb. Sevimli oyuncağı əlindən alınan uşaq kimi küskündür. Bunu başqa cür yozmaq olmur. Çünki böyük istedad sahibi olan R.Sturua bilməmiş deyil ki, sənət məhəbbətə bənzəyir və onu hər dəfə, konkret əməllə sübut etmək lazımdır. Görünür, bu dəfə o, bunu vacib bilməyib, ya da, sadəcə istədiyi kimi alınmayıb. 
   “Mariya Kallas. Dərs” tamaşasındakı səhnə obrazlarının qarşılıqlı münasibətlərinin təcəssüm şərti olan tərəf-müqabil oyunu prinsipləri, eyni zamanda “təklif edilmiş şərait” (K.S.Stanislavski), məntiqi baxımdan dürüst həll edilmədiyindən, ifaçılar fərdi üsluba meylli olduqlarından “faktın dəyərləndirilməsi” (K.S.Stanislavski) vəziyyətin psixoloji dərki və adekvat oyun reaksiyası nəzərə alınmır. Bu zaman baş rolun ifaçısı da daxil olmaqla aktyorlar bəzi epizodlarda özlərini tam səfərbər edə bilmir, səhnədəki oyun şərtlərinə müvafiq olaraq təqdim etdikləri obrazların səhnə həyatını təcəssüm etdirməkdə çətinlik çəkirlər. Halbuki “Mariya Kallas. Dərs” tamaşasında səhnəyə çıxan aktyorların (David Uflisaşvili, David Darçiya, Arçil Qoqitidze, Leluka Akhaladze, Keti Svanidze) ayrı-ayrılıqda hər birinin professional vərdişləri, o cümlədən səhnə ustalığı, vokal və plastika, diksiya və s. keyfiyyətləri kifayət qədər yüksək ifaçılıq səviyyəsi göstərmək üçün yetərlidir.
   Bir küll halında götürsək, fərdi istedadları etibarilə professional keyfiyyətlərə malik olan ifaçı aktyorların qeyd etdiyimiz tamaşada müşahidə edilən qüsurları əsas etibarilə rejissor R.Sturuanın işi ilə bağlıdır. Belə ki, “Fabrika”dakı quruluşundan sonra tamaşa üzərində zamanla təbii sayılan bədii aşınmalar aradan qaldırılmalı, oyunun bərpa mexanizmi işlənməli idi. Böyük istedad və təcrübə sahibi olan R.Sturuanın bunu yaxşı bildiyi halda, əhəmiyyət verməməsi anlaşılan deyil.
   Tamaşanın rejissurası üzərindəki düşüncələrimiz belə bir qənaətə gətirir ki, təcəssüm prosesində R.Sturua ali məqsədin cazibəsində digər təfərrüatları mühüm hesab etməmişdir. Görünür, “Fabrika” səhnəsində “Mariya Kallas. Dərs” tamaşası üzərində işləyərkən R.Sturua, “cəmiyyət və sənətkar”, “zaman və sənətin dəyəri” məsələləri ilə bağlı düşüncələrinin səhnə təcəssümü üçün əlverişli ədəbi material əsasında bir sənətçi olaraq özünün ali məqsədini, kimlərəsə protestini və cəmiyyətə mesajını çatdırmaq niyyəti bəzi az əhəmiyyətli olmayan sırf estetik mətləbləri üstələmişdir. Halbuki təkcə son illərdə bu rejissorun A.Kalyaginin rəhbərlik etdiyi “El Cetera” teatrında U.Şekspirin “Fırtına”, “Səhvlər komediyası”, “Şeylok” (“Venetsiya taciri”), N.V.Qoqolun “Müfəttiş”, S.Bekketin “Kreppin son lent yazısı” kimi pyeslərin səhnə təcəssümü teatr mütəxəssisləri tərəfindən əsl mədəniyyət hadisəsi kimi təqdir edilmişdir. Yəni R.Sturua iki əsrin (XX və XXI əsrlərin) dramatik rejissurasının ön mövqelərində layiqli yer tutmağa nail olmuş və çağdaş dövrümüzdə də həmin yeri inamla tutmaqda davam edir.
   Zaman dəyişmiş, illər ötmüşdür. Amma “zaman və sənət”, “cəmiyyət və sənətkar” münasibətlərinin dialektik qarşıdurması davam etməkdədir. Odur ki, teatr sənətinin mövzu bulağı qarşısında susuz qalacağı əndişəsi yoxdur.
   
  

İsrafil İsrafilov
   filologiya üzrə fəlsəfə doktoru,
   sənətşünaslıq üzrə elmlər doktoru, professor