Məmməd Nəsirbəyovun 120 illiyi konsert proqramı ilə qeyd olunub
   
   Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında Naxçıvanın ilk bəstəkarı, ictimai xadim Məmməd Nəsirbəyovun 120 illiyinə həsr olunan konsert proqramı təqdim edilib.   
   Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığına dair fotosərgi ilə tanış olublar.
   Mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə sənətkarın yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, 1897-ci il iyunun 6-da Naxçıvanda dünyaya göz açmış Məmməd Nəsirbəyov ziyalı ailəsində böyüyüb. Onun musiqi qabiliyyəti uşaqlıq illərindən özünü göstərib. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayan M.Nəsirbəyov məktəbin xor kollektivində fəaliyyət göstərib, gözəl, cəlbedici səsi olduğundan konsertlərdə solo çıxışlar edib. 
   Nəsirbəyovlar ailəsi Bakıya köçəndən sonra gənc Məmməd tarda çalmağı öyrənib, xalq mahnı və rəqslərinə, muğamlara böyük maraq göstərib. 1923-cü ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan M.Nəsirbəyov Aleksandr Kolotovdan solo, muğam bilicisi Mansur Mansurovdan tar ifaçılığı sənətinin sirlərini öyrənib. Üzeyir Hacıbəylinin yaratdığı dərnəkdə bəstəkarlıq, dirijorluq, musiqişünaslıq sahəsində ilk addımlarını atıb.
   Diqqətə çatdırılıb ki, M.Nəsirbəyovun yaradıcılığında simfonik, kamera, xor musiqisi, instrumental əsərlər, Azərbaycan xalq çalğı alətləri orkestri, mahnı və rəqs ansamblı üçün əsərlər, mahnı və romanslar əsas yer tutur. Onun əsərləri respublikanın aparıcı konsert salonlarında səsləndirilib, musiqi məktəblərinin tədris planına daxil edilib.
   Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xoru çıxış edib.