Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qalibləri müəyyənləşib.
   Qaliblərin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor, Xalq artisti Oqtay Mirqasım, əməkdar incəsənət xadimləri Rafael Qəmbərov, Yavər Rzayev və Dövlət Film Fondunun əməkdaşı Rəşad Qasımov iştirak ediblər.
   Xalq artisti Oqtay Mirqasımın rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə ssenari müsabiqəsinin qalibləri müəyyən edilib. 1-ci yer (1500 manat mükafat) üzrə qalib olmayıb. 2-ci yeri (1000 manat) “Şükriyyə taleyim” ssenarisi (müəllif Cavid Zeynallı), 3-cü yeri (500 manat) “Bakının su əfsanəsi” (Rəşad Şükürov) tutub. Həvəsləndirici “Ümid” mükafatına “Qara qızıl” ssenarisi (Seyram Əmirov) layiq görülüb.