Bir zaman, daha dəqiq desək, 1832-ci il noyabrın 22-də Viktor Hüqonun “Kral əylənir” pyesi Parisdəki məşhur “Komedii Fransez” teatrında tamaşaya qoyuldu və... bir neçə gün sonra kral sarayının nüfuzuna xələl gətirən əsər kimi səhnədən yığışdırıldı. XVI əsrin birinci yarısında hakimiyyətdə olmuş I Fransiski qadın düşkünü, öz qurbanlarına qarşı soyuqqanlı rəftarı ilə yadda qalan kral kimi göstərən tamaşanın repertuarda qalması heç ağlabatan görünmürdü... 
   Əsər səhnəyə bir də düz əlli ildən sonra qayıdacaqdı. Amma bu qayıdış artıq sənətsevərlər üçün qeyri-adi və ya yeni tanışlıq olmayacaqdı. Çünki Hüqonun yasaq olunmuş pyesi hələ 1851-ci ildə «Riqoletto» operası kimi İtaliyada zühur etmişdi. Cüzeppe Verdinin bir çox operasına libretto yazmış Françesko Mariya Pyave bəsətkarın istəyilə «Kral əylənir» pyesinə əl gəzdirmişdi. Belə ki, müəlliflər senzuraya qarşı qabaqcadan tədbirli davranaraq kralı mövcud olmayan Mantuan hersoquna çevirmiş, saray təlxəyi gerçək personaj Tribule isə Riqoletto kimi qələmə verilmişdi. 
   Təxminən 160 illik sənət tarixi boyunca «Riqoletto» o qədər səhnəyə qoyuldu ki, sənətsevərlər artıq bu əsərin Hüqonun «Kral əylənir»indən pərvəriş tapdığını belə unutdular. Cüzeppe Verdi musiqisinin əzəməti, istər mətn, istərsə də musiqi baxımından bitkin süjet, bəstəkarın bütün operalarındakı hətta ən kiçik partiyaların da ruha təsir edən gözəl ariyaları, ən müxtəlif vokal səslərin bir-birini tamamlayan duetləri hansı ilkin materialı desəniz, unutdura bilər. 
   Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin «Riqoletto» operası oynanıldı. Bu əsər çoxdan teatrımızın repertuarında olsa da, o qədər də tez-tez oynanılmır. Tamaşaya marağı artıran digər səbəb isə hazırda Avropada çox tələb olunan bariton səs sahibi, Almaniyanın Manheym Milli Operasının solisti, Azərbaycanın Xalq artisti Əvəz Abdullayevin titul partiyasını ifa etməsi idi. Digər əsas partiyaların ifaçıları isə Akademik Opera və Balet Teatrının yaradıcı əməkdaşlıq etdiyi teatrlardan dəvət edilmişdilər. Mantuan hersoqunun partiyasını Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Dmitri Kuzmin, Cilda partiyasını Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova ifa edirdi. 
   * * *
   ...Yelbeyin, öz hakimiyyətindən əyləncə, eyş-işrət üçün bəhrələnən cavan hersoq onun cənginə keçərək namusu tapdanan qadınların atalarını, həyat yoldaşlarını təhqir etməkdən çəkinmir, onları zindana saldırır. Hersoqun işləklərini dəstəkləyənlər təkcə onun saray əyanları deyil, adətən sözün düzünü deyən təlxək Riqoletto da öz ağasının tərəfindədir. Arvadı (Səbinə Əhmədova) hersoqun toruna düşən qraf de Çerpanonu (Firuz Əhmədov) təhqir edənlərdən biri də elə Riqolettodur. Halbuki, saray təlxəyi qozbel Riqoletto unutmamalı idi ki, o da bir gün arvadı, qızı yoldan çıxarılaraq namusu ləkələnən qraf Çerpanonun da, qraf Monteronenin (Tələt Hüseynov) yerində ola bilər... 
   Əvəz Abdullayevin Riqolettosu məhz bu baxımdan maraqlı idi. Əvəz öz qəhrəmanını bütün səhnələrdə eyni məharətlə təqdim edirdi. Onun Riqolettosu qraf de Çerpanonun arvadını bəyənən hersoqa qrafinyanı oğurlamağı təklif edərkən, qızının qisasını alacağına and içən qraf Monteroneni ələ salarkən öz hərəkətlərinin alçaqlığını dərk etməyəcək qədər nəşəlidirsə, qızı Cildaya sərt xasiyyətli ata kimi öyüd-nəsihət edərkən bir o qədər mehriban və qorxaqdır. Cildanın oğurlandığından xəbər tutarkən artıq nəşəli, arsız Riqolettodan əsər-əlamət qalmır. Əvəz Abdullayev səhnəni, musiqini duyduğu qədər də obrazın faciəsini hiss edərək çatdırırdı. 
   Mantuan hersoqu partiyasında çıxış edən Dmitri Kuzmin Bakı operasevərlərinə artıq tanışdır. Zahirən çox yaraşıqlı, aşiq qəhrəman ampluasına həm də lirik tenor səsilə çox yaraşan D.Kuzmin səhnədə kifayət qədər sərbəst və inamlı görünsə də, onun qəhrəmanı əxlaq baxımından klassik hersoqdan daha xoş təsir bağışlayırdı. Onun hersoqu gününü eyş-işrətə həsr edən, hər gün bir gözəldən kam almağı fürsət bilən hökmdardan daha çox bekar qalmaqdansa sevgi oyunları ilə başını qatan zəngin varisə bənzəyirdi. 
   Bakı səhnəsində ilk dəfə çıxış edən Tatyana Qavrilova isə çox ciddi tərbiyə almış, qapalı həyat keçirən saf Cildanın obrazını layiqincə canlandıra bildi. İkinci pərdədə Cildanın ariyasını mükəmməl oxuyarkən o, ifasını çox incə aktyorluq cizgilərilə bəzədi. 
   Doğma səhnəmizdə hər zaman çıxış edən, üstəlik, öz ifaları ilə heç də qastrolçulardan geri qalmayan vokalçılar - Xalq artisti Əli Əsgərov (Sparafuçile), Nina Makarova (Covanna və Maddalena), Tural Ağasıyev (Marullo) istər səs, istərsə də aktyorluq baxımından yaddaqalan obrazlar yarada bildilər. 
   Yeri gəlmişkən, budəfəki «Riqoletto» həm də Nina Makarovanın debüt tamaşası idi. Çox güclü metso-soprano səsə malik Nina Makarovanın ifasının tamaşadan-tamaşaya necə cilalandığı göz qabağındadır. Bizcə, bu gənc vokalçının operalarda daha çox yer tutan partiyalar üzərində çalışmasının vaxtı yetişib. 
   Bu tamaşada qraf Monterone partiyasını ifa edən digər gənc solist Tələt Hüseynovun adını da xüsusi vurğulamağa dəyər. Onun səhnədəki çıxışı zaman etibarilə qısa olsa da, təhqir olunmuş atanın hisslərini bacarıqla çatdıraraq yadda qaldı. 
   Maraqlıdır ki, «Riqoletto»da qadın xorunun çıxışı yoxdur. Yəni bəstəkar xor ifasında yalnız kişi səslərindən istifadə edib. Verdi hətta havanın pisləşdiyini, güclü küləyin əsdiyini səhnə arxasında kişi xorunun oxusu ilə çatdırıb. Digər tamaşalarda olduğu kimi, bu dəfə də teatrın xor kapellası unison ifa sərgilədi. 
   Tamaşa boyu, eləcə də tamaşa bitdikdən sonra salondan qopan alqışlarda maestro Cavanşir Cəfərovun idarə etdiyi, C.Verdi musiqisinin möhtəşəmliyini, əzəmətini çatdıran orkestrin payı şəksiz çox idi. Üstəlik, operanın son məşqində olmuşduq deyə, dirijorun bu səslənişə necə nail olduğunu bilirdik, digər tərəfdən də tamaşa zamanı onun heyəti xeyli cavanlaşmış xorla (çox güman ki, xor artistlərinin çoxu «Riqoletto»da ilk dəfə çıxış edirdi) birgə oxumağı da diqqətimizdən yayınmadı. 
   * * *
   C.Verdinin operalarındakı mənfi qəhrəmanlar, yanlış iş tutanlar çox vaxt finalda həyatlarını itirirlər. Lakin «Riqoletto»da belə bir final yoxdur. Əksinə, hər qadının, qızın arxasınca düşməyə hazır olan cavan hersoq ondan ötrü həyatından keçən Cildanın qurban getməsindən belə xəbər tutmur, zahirən eybəcər olan Riqoletto isə öz daxili eybəcərliyindən dolayısı başına gələn faciənin acısını ömür boyu yaşamağa məhkumdur. 
   Bəlkə də böyük bəstəkar elə bu finalla demək istəyirmiş ki, hər kimsədən ötrü ölümə getməyə dəyməz, bir də özgələrin faciəsinə gülmək olmaz. 
   
   Gülcahan Mirməmməd