“Mədəniyyət.AZ” jurnalının növbəti sayı oxucuların görüşünə gəlib. Dərginin sentyabr-oktyabr nömrəsində mədəniyyət, incəsənət, ədəbiyyat və turizm sahələrini əhatə edən yazılar yer alıb. İlk səhifələrdə Bakı Şopinq Festivalı, onun xarici mətbuatda əks-sədası diqqət çəkir. Eyni zamanda, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqqında məlumat verilir.

   Jurnalın ədəbiyyat səhifələri bu dəfə də mənəvi xəzinəmizə, ədəbi irsimizə üz tutub, Natəvan, Cavid, Şaiq zirvələrindən dünyaya boylanır. Musiqi rubrikası ənənəvi Üzeyir Musiqi Festivalından söz açaraq oxucuları musiqimizin Üzeyir sehrinə daldırır.
   Jurnalın bu nömrəsi milli kinomuzun gələn il qeyd olunacaq 120 illiyi ilə əlaqədar yazı, habelə bu sahədə daha geniş araşdırmaların anonsunu verir. Dərgidə, həmçinin aşıq musiqimizin ustad Ədalət, Dədə Şəmşir möcüzəsindən yazılar yer alıb.
   Elmimizin gənc nümayəndələri yenə də axtarışda, fəaliyyətdədirlər. Həmin tədqiqatların nəticəsi jurnalın daimi müvafiq bölümündə əksini tapır.