Noyabrın 21-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tanınmış rəssam, heykəltəraş və ictimai xadim Müslüm Eldarovun (1956-2003) xatirəsinə həsr edilmiş sərgi açılıb.
   Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.
   Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və tanınmış fotoqraf Sənan Ələsgərov çıxış edərək Müslüm Eldarovun sənət dünyasından, Azərbaycan təsviri sənətinə, xüsusilə də heykəltəraşlıq sənətinə bəxş etdiyi töhfələrdən söz açıblar.
   Qeyd edilib ki, görkəmli heykəltəraş Ömər Eldarovun ailəsində dünyaya göz açan Müslüm Eldarov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, İ.Repin adına Rusiya Rəssamlıq Akademiyasını bitirib. O, ötən əsrin 80-ci illərinin ortalarında geniş vüsət almış yaradıcı gənclər hərəkatının parlaq nümayəndələrindən biri olub. 1986-cı ildə ilk qeyri-formal mədəniyyət təşkilatının - Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak edib, sonralar həmin təşkilatın rəhbəri olub. Müslüm Eldarov 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində “Humay” qalereyasını təsis edib. Beynəlxalq və regional əhəmiyyətli layihələr həyata keçirən “Anglo Caspian Publishing Ltd” şirkətinin təşkilatçılarından biri olub. 
   Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov çıxış edərək oğlu haqqında xatirələrini bölüşüb. Onun əsərlərinin məna və məzmun baxımından dolğunluğuna diqqət çəkən rektor bildirib ki, zəngin intellektə, böyük yaradıcılıq potensialına malik Müslüm Eldarov xaricdə yaşayıb-yaratmasına baxmayaraq, həmişə müasir Azərbaycan incəsənətini təbliğ edən sənətkar kimi tanınıb.
   Sonra qonaqlar Müslüm Eldarovun heykəltəraşlıq, rəngkarlıq və qrafika janrlarında əsərlərinin təqdim edildiyi sərgi ilə tanış olublar.