Noyabrın 20-də Teatr Xadimləri İttifaqında iki görkəmli incəsənət xadimi - tanınmış rejissor, pedaqoq Zəfər Nemətovun və Azərbaycan təsviri sənəti və rəssamlıq məktəbinin seçilən nümayəndəsi Həsən Haqverdiyevin 100 illik yubileylərinə həsr olunmuş "İki dost" adlı tədbir keçirildi. 
   Bu yaradıcılıq qurumu ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Zəfər Nemətova həsr olunmuş "Zəfər ömrü" kitabı və Həsən Haqverdiyevin rəsm əsərlərindən ibarət "Davam" sərgisi təqdim edildi. 
   Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov həyatın ağır sınaqları ilə üzbəüz qalmış, lakin sənətin ucalığını hər zaman qorumuş, öz sənət və həyat prinsiplərinə heç zaman xəyanət etməmiş iki yaradıcı dostun taleyindən söz açdı. 
   Xalq rəssamı Arif Hüseynov Həsən Haqverdiyevin yaradıcılığı barədə danışarkən qeyd etdi ki, görkəmli rəssam həmişə aktual mövzulara toxunub, istər rəngkarlıq, istərsə də qrafika əsərlərində daim müəllif obyektivliyini qoruyub. Janr çərçivəsinə sığmayan rəssamın portret və mənzərə əsərlərində onun diqqətçəkən rənglərə üstünlük verməsi Həsən Haqverdiyevi digər qrafika ustalarından fərqləndirir. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və yubilyar fırça ustasının oğlu, Əməkdar rəssam Hüseyn Haqverdiyev rəssamla bağlı xatirələrini bölüşdülər. Sənətkarın qızı, tanınmış musiqişünas, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova isə atasını daha çox insan, valideyn kimi tanıdan xatirələrini danışdı, həm də bu tədbirə görə əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. 
   "İki dost" tədbirində təqdim edilən, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarovanın müəllifi olduğu "Zəfər ömrü" kitabı da teatrşünaslığa töhfə kimi qiymətləndirildi. Kitabda görkəmli pedaqoq-rejissorun milli teatr sənətinə gətirdiyi yeniliklər, ictimai və pedaqoji fəaliyyəti geniş işıqlandırılıb. Kitabda həm də Zəfər Nemətovla birlikdə çalışmış, onu şəxsən tanımaq şərəfinə nail olmuş sənət adamlarının xatirələri yer alıb. 
   Filologiya elmləri doktoru Nadir Məmmədov, kitabın müəllifi Aida Qafarova nəşr haqqında, Xalq artisti Əminə Yusifqızı isə kitabın qəhrəmanı, öz sənət müəllimi barədə xatirələrini danışdı. Əminə xanımın xatırladığı Zəfər müəllim bu il 90 illik yubileyi qeyd ediləcək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuar siyasətini düzgün müəyyən edən, neçə nəsil gənc tamaşaçının sənət zövqünün tərbiyəsində mühüm rol oynamış əsərlərin tamaşaya qoyulmasında misilsiz xidmət göstərmiş, bu günün bir çox məşhur aktyorunu kəşf etmiş rejissor idi. 
   Bir sözlə, "İki dost" tədbirində çıxış edən hər kəs birəsrlik yubileyi qeyd edilən iki böyük sənətkarın milli mədəniyyətin inkişafında, onların əsərləri ilə tanışlığın insanın bədii-estetik zövqünün formalaşmasında xidmətlərini vurğuladılar.
   Hər zaman bu yaradıcılıq qurumunda keçirilən tədbirlərdə hamını salamlayan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azərpaşa Nemətov isə bu dəfə tədbirin sonunda çıxış edərək, atasına və onun sənət dostuna həsr edilmiş tədbirin təşkilatçılığında əməyi keçənlərə təşəkkürünü bildirdi. 
   
   G.Mirməmməd