Astara Uşaq musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
   Öncə məktəbin Nəzəriyyə şöbəsinin müdiri Leyla İsgəndərova qonaqları salamlayaraq bəstəkar haqqında geniş məlumat verib. O, bəstəkarın həyat və yaradıcılığından danışaraq qeyd edib ki, Tofiq Quliyev özünəməxsus üslubu ilə milli musiqi tariximizə parlaq səhifələr yazıb. 
   Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilər, bənzərsiz mahnıları, uşaqlar üçün yazdığı fortepiano musiqisindən ibarət konsert proqramı təqdim olunub.
   Sonda məktəbin direktoru Çingiz Eyvazov çıxış edərək qonaqlara təşəkkürünü bildirib.
   Tədbirdə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, rayon İcra Hakimiyyətinin işçisi Mirzə Bayramov və başqaları iştirak ediblər.