Məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
   
   Noyabrın 21-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib.
   Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov müsabiqə barədə məlumat verib. Bildirilib ki, bu müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata keçirdiyi tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, davamlı turizm üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat işlərinin aparılmasına elm adamlarının cəlb edilməsi məqsədilə keçirilib.
   Konfransda “Davamlılıq və dayanıqlılıq polemikasında turizm fenomeni”, “Turizmin davamlılığında “Bermud” üçbucağı” mövzularında məruzələr dinlənilib.
   Sonra konfrans işini “Sosial cəlbedicilik, dayanıqlı inkişaf, yoxsulluğun azaldılması” və “Ehtiyatlardan səmərəli istifadə, dəyərlərin qorunması” bölmələri üzrə davam etdirib. Bölmələrdə ümumilikdə 30-dan çox məruzə təqdim edilib.
   Sonda müsabiqədə ilk üç yerin sahibləri mükafatlandırılıb.
   
   F.Hüseynov