Noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə şair, yazıçı, publisist Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı keçirilib.
   Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək Qənbər Şəmşiroğlunun həyat və yaradıcılığından söz açıb. Bildirib ki, müəllif bu kitabında da ənənəsinə sadiq qalaraq oxuculara vətənpərvərlik, yurdsevərlik hisləri aşılayır. O, atası Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Nəşrdə müəllifin başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr və s. əksini tapıb.
   AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı Qənbər Şəmşiroğlunun əsərlərinin məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən söhbət açıblar.
   Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları Aqil Abbas, Jalə Əliyeva və başqaları çıxışlarında yazarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar.
   Bildirilib ki, ədibin “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Ömrün işıqlı anları”, “Dostlar unutmaz məni”, “Tale oxşarlığı” və s. kitablarında yer alan şeirlərində düşmən tapdağı altında qalmış doğma Kəlbəcər həsrəti əksini tapıb. 
   Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Şagirdlər müəllifin şeirlərindən nümunələr səsləndiriblər.