Dövlət Pantomima Teatrı dekabrın 2-də “Vuvana” adlı yeni səhnə əsərini tamaşaçılara təqdim etməyə hazırlaşır. Teatrın əməkdaşı Vüsal Rzasoyun əsəri əsasında səhnələşdirilən tamaşaya Əməkdar artist Nargilə Qəribova quruluş verib. 
   Tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir. Səhnə əsərində V.Rzasoy və N.Qəribova çıxış edəcək.
   Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev tamaşa haqqında danışarkən deyib: “Vuvana insanın məkansızlıq və zamansızlıq içində yaratdığı və yaşadığı bir məkan, kiçik dünyadır. Bu dünyada insanın fikir və düşüncələri yox, yalnız ruhu, qəlbi və hərəkətləri var olur. Vuvana insanın fikirlərindən təmizlənməsi, qəlbi və sevgisi ilə yaşadığı bir aləm və ya bir haldır”.