Xəbər verdiyimiz kimi, 16-18 noyabr tarixində keçirilən VI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin tərkibində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova da iştirak edib. A.Bayramova tədbir çərçivəsində İncəsənət Tarixi İnstitutunun təşkilatçılığı ilə keçirilən “Peterburq və milli musiqi mədəniyyətləri, Peterburq şərqşünaslığı: Avrasiya xalqlarının musiqi ənənələri Böyük İpək Yolunda” VIII Beynəlxalq elmi konfransında “Azərbaycan poeziyasında ənənəvi musiqi alətləri və musiqi” mövzusunda məruzə ilə çıxış edib. 
   Forum günlərində Teatr və Musiqi İncəsənəti Muzeyində “Mstislav Rostropoviç: portretə ştrixlər” sərgisinin nümayişi sona yetib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərginin iştirakçılarından biridir.